Şriftin ölçüsü :

Saytın rəngi :

“ASAN xidmət” mərkəzlərinə müraciətlərin sayı artıq 26 milyona çatıb

28 dekabr 2018 | 07:12

“ASAN xidmət” mərkəzlərinə müraciətlərin sayı artıq 26 milyona çatıb. Hazırda “ASAN xidmət” mərkəzlərinə daxil olan hər bir vətəndaş 11 dövlət orqanının və özəl şirkətlərin 320-dək xidmətindən yararlana bilir. Bu gün “ASAN xidmət”ə müraciət edən vətəndaşların razılıq əmsalı 98-100 faiz təşkil edir.
Bu sözləri Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev “ASAN xidmət”ə 26 milyonuncu müraciətin qeydə alınması ilə əlaqədar Şəkidə keçirilən tədbirdə jurnalistlərə müsahibəsində söyləyib.
2018-ci ilin Dövlət Agentliyi üçün çox əlamətdar olduğunu vurğulayan qurumun rəsmisi bildirib ki, bu il bölgələrdə bir neçə “ASAN xidmət” və “ABAD” mərkəzləri istifadəyə verilib, Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının, “Çağrı” mərkəzinin yeni ofisinin açılışı olub. Cari ildə bir sıra xarici ölkələrin nümayəndələri, beynəlxalq təşkilatlar “ASAN xidmət”lə əməkdaşlığa üstünlük verib.
Elnur Niftəliyev qeyd edib ki, 26 milyonuncu müraciətin sahibini – Şəki sakini Nadir Paşayevi təbrik etmək üçün bugünkü tədbirə ilk dəfə olaraq “ASAN xidmət”in yeni siması “Mister ASAN” da qonaq gəlib. Xidmətin yeni siması üçün qarışqa obrazı seçilib. Bu obraz qarışqa kimi işgüzarlığı və zəhmətsevərliyi özündə ehtiva edir.
“ASAN xidmət”də qeydə alınan hər milyonuncu müraciət sadəcə bir statistika deyil. Bu, həm də vətəndaşların xidmətlərdən məmnunluğunu, razılığını göstərən rəqəmlərdir. Belə tədbirlərin keçirilməsində də əsas məqsəd vətəndaş məmnunluğunu, statistikanı əhalinin diqqətinə çatdırmaqdır”, - deyə şöbə müdiri qeyd edib.

Keçidlər