Şəki Şəhər İcra Hakimiyyəti başçısının bayram təbriki
Hörmətli xanımlar və cənablar!
Əziz şəkililər !
Qarşıdan 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il gəlir. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd olunması ilə bağlı tarixi qərar o vaxtlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da qəbul edilib. Müvafiq təklifi respublika parlamenti təsdiq etdikdən sonra 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmiləşdirilib. Həmrəylik Gününün əsas məzmununu milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyaları təşkil edir.
Hazırda Prezident cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirməsi nəticəsində dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi özünün yeni mərhələsinə qədəm qoyub.
Bu gün bütün dünya azərbaycanlıları fəxr edir ki, onların müstəqil, azad, suveren ölkəsi vardır. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında indi Azərbaycan bütün dünyada tanınan, iqtisadiyyatı dinamik inkişaf edən bir ölkəyə çevrilmişdir.
Son 15 ildə ölkəmizdə qazanılan iqtisadi uğurlar vətəndaşların gəlirlərinin artmasına, sosial rifah halının yüksəldilməsinə zəmin yaradıb. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarının uğurlu icrası nəticəsində respublikamızın demək olar bütün yaşayış məntəqələrinin, şəhər və kəndlərimizin siması əhəmiyyətli şəkildə dəyişmişdir. Bu gün dünyada baş verən iqtisadi böhranların, qlobal proseslərin, siyasi münaqişələrin fonunda Azərbaycan sabit və davamlı tərəqqi yolunu davam etdirir. Vətəndaşlar sülh, əmin-amanlıq və ictimai-siyasi sabitlik şəraitində yaşayır.
Yola saldığımız 2018-ci il doğma şəhərimiz üçün uğurlu olmuşdur. Oktyabr ayının 29-da Cənab Prezidentimiz Şəkiyə səfər etmiş, bir sıra obyektlərin açılışında iştirak etmişdir. Ölkə başçısı Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı, Şəki şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ilə əlaqədar, həmçinin 51 km uzunluğunda avtomobil yolunun, Şəki şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncamlar imzalamışdır. Qeyd etmək istəyirəm ki, cənab Prezidentimiz qısa müddət ərzində şəhərimizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və abadlıq-quruculuq işlərinin aparılması üçün 18 Sərəncam imzalamışdır.
Son illərdə ölkəmizin hər yerində olduğu kimi, Şəki şəhəri də yeni inkişaf mərhələsini yaşayır. Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində şəhərdə əsaslı və kompleks yenidənqurma işləri görülür. Rayonda yeni istehsal sahələri yaradılır, təhsil ocaqları, turizm, sosial obyektlər istifadəyə verilir, infrastuktur yaxşılaşdırılır.
Ölkə başçısının müəyyən etdiyi aqrar siyasətin rayonumuzda uğurla həyata keçirilməsi üçün Şəki Şəhər İcra Hakimiyyəti bütün daxili imkanları səfərbər etmiş və kənd təsərrüfatı məhsulları istehsalının dinamik inkişafına nail olunmuşdur. Rayonumuzda kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi, məhsul istehsalının artırılması daim diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, baramaçılığın, tütünçılüyün, fındıqçılığın və meyvəçiliyin inkişafı üçün mütəmadi tədbirlər həyata keçirilmişdir. Bu il 222 min ton taxıl istehsal olunmuş, hər hektardan orta məhsuldarlıq 33 sentner təşkil etmişdir. Rayonumuzda barama istehsalında dinamik inkişaf təmin edilir. Belə ki, 2016-cı ildə rayonda 9,7 ton, 2017-ci ildə 17,9 ton barama istehsal edilmişdisə, 2018-ci ildə 48,2 ton barama istehsal edilmişdir ki, bu da keçən illə müqayisədə 2,7 dəfə çoxdur. Rayonumuzda tütün əkinlərinin genişləndirilməsi və istehsalın həcminin artırıması daim diqqət mərkəzində saxlanılır. Bu il rayonda 2977 ton tütün istehsal olunub. Əhali arasında yeni qərzəkli bağçılıq təsərrüfatlarının yaradılması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilir və bu sahəyə xarici investorların cəlb edilməsi istiqamətində məqsədyönlü iş aparılır.
Bu gün şəhərimizin milli memarlıq üslubunun qorunub saxlanması şərti ilə müasirləşdirilməsi ən vacib vəzifəmiz hesab olunur. Məqsəd Şəkinin özünəməxsus memarlıq ənənələrini qoruyub saxlamaq və regionun turizm potensialını daha da artırmaqdır. Sevindirici haldır ki, ölkəmizdə mədəni irsin qorunub saxlanılmasına, xalqımızın zəngin mədəniyyətinin təbliğinə dövlət səviyyəsində böyük diqqət yetirilir. Cənab Prezidentimiz İlham Əliyevin müvafiq fərman və sərəncamları, Azərbaycan Respublikasının birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın bu sahədə əməli fəaliyyəti mühüm əhəmiyyətə malikdir. Şəhərimizdə olarkən cənab Prezidentimiz demişdir: “Həm tarix, mədəniyyət, özünəməxsus həyat tərzi, mətbəx – bax, bütün bu amillər Şəkinin gözəl xüsusiyyətləridir... Burada ... təbiət və memarlıq, qədim və tarixi binalar, Şəkinin şəhərsalma qaydaları gözəl bir mənzərə, bir vəhdət yaradır.”
Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir. Şəhərimizdə mütəmadi olaraq keçirilən beynəlxalq “İpək Yolu” musiqi festivalı, eləcə də şirniyyat, teatr festivalları xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanılmasında və təbliğində, eyni zamanda, şəhərin turizm potensialının genişləndirilməsində və regionun beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayır.
Həyata keçirilən tədbirlər nəticəsində Şəki turistlər üçün cəlbedici məkana çevrilmiş, son beş ildə rayonu ziyarət edənlərin sayı yeddi dəfədən çox artmışdır. Bu ilin altı ayında Şəkiyə gələn turistlərin sayı 160 min nəfəri ötmüşdür.
Şəhər İcra hakimiyyəti tərəfindən şəhərimizin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm işlər görülür. Hazırda Şərq memarlığının nadir incisi hesab olunan “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin YUNESKO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi istiqamətində iş aparılır. Bu il Şəkinin xalq tətbiqi sənəti Fransanın Kolmar şəhərində keçirilən Milad bazarında nümayiş olunmuşdur. Dekabr ayında Bolqarıstanın Sofiya şəhərində təşkil olunan 24-cü Xeyriyyə bazarında Azərbaycan stendində Şəki şəhəri də təmsil olunmuşdur.
Noyabr ayında mənin rəhbərliyimlə Şəki şəhərinin nümayəndə heyəti Xorvatiyanın Varajdin şəhərində rəsmi səfərdə olub. Səfər çərçivəsində Şəki şəhəri ilə Xorvatiyanın Varajdin şəhəri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb. Varajdin şəhəri Şəki ilə qardaşlaşan 9-cu şəhərdir.
Məlum olduğu üzrə, Şəki şəhəri 2017-ci ildən etibarən YUNESKO-nun "Yaradıcı Şəhərlər Şəbəkəsi"nə “sənət və sənətkarlıq” sahəsi üzrə üzv seçilmişdir. Bununla əlaqədar olaraq, Malaziyanın Kuala Lumpur şəhərində keçirilən 9-cu “Dünya Şəhərlər Forumu” çərçivəsində, YUNESKO-nun Mədəniyyət Sektorunun təlim tədbirində Şəki şəhər İcra Hakimiyyətinin əməkdaşı iştirak etmişdir.
Şübhəsiz ki, qazanılan bütün uğurlarımız cənab Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Gəlin hamılıqla bu gözəl bayramlar ərəfəsində Şəkiyə və şəkililərə göstərdiyi həssas münasibətə, hədsiz diqqət və qayğıya görə bir daha möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığımızı bildirək, ona can sağlığı, ailə səadəti və yeni- yeni uğurlar arzulayaq.
Hörmətli şəkililər!
Qarşıdan gələn 2019-cu ildə də rayonumuzda fəaliyyyət göstərən dövlət və özəl qurumlarının, ictimaiyyətin birgə səyi ilə regionların sosial- iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan digər vəzifələr də uğurla icra olunacaq, Şəkidə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması üçün bütün zəruri tədbirlər həyata keçiriləcəkdir.
Bu bayramlar ərəfəsində müstəqilliyimizin əldə olunması və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyir, şəhid ailələrinə səbr, dözüm diləyirəm. Qaçqın və məcburi köçkünlarımızın tezliklə doğma yurdlarına qayıtmasını arzu edirəm.
İnanıram ki, bütün ölkədə olduğu kimi, Şəkidə də əhali yeni ildə cənab Prezidentimiz , hamımızın sevimlisi İlham Əliyevin ətrafında sıx birləşəcək, bütün dünya azərbaycanlılarının həmrəyliyi və birliyi daha da möhkəmlənəcəkdir.
Əziz şəkililər!
Sizin hər birinizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə ürəkdən təbrik edir, hamınıza can sağlığı, xoş əhval- ruhiyyə və səadət arzulayıram.
Yeni iliniz mübarək olsun!