Şriftin ölçüsü :

Saytın rəngi :

2019-cu ildə Şəki teatrında dörd yeni tamaşa hazırlanacaq

18 yanvar 2019 | 04:01

Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar plana əsasən, 2019-cu ildə Şəki Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli məlumat verib.
Rejissor bildirib ki, bu il teatrın səhnəsində Xalq yazıçısı Elçinin “Teleskop”, fransız dramaturqu Jan Batist Molyerin “Xəstəlik xəstəsi”, “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında “Dəli Domrul” əsərləri, həmçinin Azərbaycanın klassik dramaturqu Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə onun əsərlərindən biri tamaşaya qoyulacaq. Repertuara Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, klassik dünya dramaturgiyasının nümunəsinin də daxil edilməsi teatrın rejissor və aktyorlarının yaradıcılığını, peşəkarlığını daha da inkişaf etdirmək məqsədi daşıyır.
Hazırda teatrın səhnəsində görkəmli dramaturq Elçinin “Teleskop” pyesinin məşqləri gedir. Tamaşanın bədii rəhbəri Mirbala Səlimli, quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu rəssamı Sahib Əhmədli, musiqi tərtibatçısı Zeynəb Orucova, rəqslərə quruluş verən isə Çingiz Novruzəliyevdir. Əsas rollarda Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Hüseyn Hüseynli, İlkin Rüstəmov, aktrisalar Lalə Məmməd, Günay Novruzəliyeva, Nərmin Abbasova, Fidan Lətifova və başqaları çıxış edəcəklər.

Keçidlər