Məktəblilər şəhidlərin xatirəsinə həsr olunan şeir müsabiqəsində ifaçılıq bacarıqlarını nümayiş etdiriblər
1990-cı il yanvarın 20-də Bakıda baş verən faciəli hadisələr xalqımızın qürur və şərəf mübarizəsi olmaqla yanaşı, tariximizə qəhrəmanlıq salnaməsinin yazıldığı gün kimi daxil olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəki Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi, “Kreativ Düşüncə” Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Məram” Gənclik İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə səsləndirilib.
Şəki şəhərindəki M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Məmmədnuru Əzizov, “Məram” Gənclik İnkişaf Mərkəzinin əlaqələndiricisi Rəhman Nuri və başqaları çıxış edərək, faciənin acı nəticələrindən danışıblar.
Sonra səhnəyə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar rayon məktəbliləri arasında keçirilən “Şəhidlər ölməz” adlı şeir müsabiqəsinin iştirakçıları dəvət olunublar. Məlumat verilib ki, müsabiqədə 70-dək məktəbli iştirak edib. Münsiflər heyətinin rəyinə əsasən, şəhər 3 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Oruc Nəsrullayev müsabiqənin qalibi adını qazanıb. Şəhər 12 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Gülşən Cabbarova ikinci, fizika-riyaziyyat və humanitar təmayüllü liseyin 8-ci sinif şagirdi Murad Muradlı isə üçüncü yerə layiq görülüblər.
İlk üç yeri tutan məktəblilər öz şeirlərini səsləndiriblər.
Müsabiqənin bütün iştirakçılarına hədiyyə və sertifikatlar təqdim olunub. Qaliblər isə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.