Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili idmançılar ötən il beynəlxalq və respublika səviyyəli yarışlarda 150 medal qazanıblar

22 yanvar 2019 | 09:01

Şəkinin yeniyetmə və gənc idmançıları 2018-ci ildə beynəlxalq və respublika səviyyəli yarışlarda 150 medal qazanıblar. Medallardan 52-si qızıl, 52-si gümüş, 46-sı isə bürünc əyarlı olub. O cümlədən, olimpiya idman növləri üzrə keçirilən yarışlarda 10 qızıl, 12 gümüş və 4 bürünc medal əldə olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki şəhər Gənclər və İdman İdarəsindən məlumat verilib.
Ötən il Şəkinin qızlardan ibarət stolüstü tennis komandaları Xaçmaz və Bakıda keçirilən ölkə birinciliklərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Stolüstü tennisçi Ləman Abdulhəmidova qızlardan ibarət Azərbaycan yığma komandasının tərkibində “İlin idmançısı” adına layiq görülüb. Şəki idmançıları dekabrda Bakıda keçirilən budo döyüş növü üzrə Dünya Kuboku yarışlarında 5 qızıl və 2 gümüş medal əldə ediblər. Seymur Əhmədov isə alpaqut döyüş növü üzrə dünya çempionu olub.
2018-ci ildə şəhər gənclər və idman idarəsi tərəfindən 138 tədbir, müsabiqə və idman yarışı keçirilib. Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi, azərbaycançılıq məfkurəsi, dini radikalizmlə mübarizə, zərərli vərdişlərin profilaktikası, milli-mənəvi dəyərlərin təbliği, karyera, gənc istedadların üzə çıxarılması keçirilən tədbirlərin əsas mövzusunu təşkil edib.

Keçidlər