Şəkidə ulu öndərin 90 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktik konfransı keçirilmişdir
Mayın 7-də Şəki Şəhər İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Şəki özü bir muzeydir” mövzusunda Respublika elmi-praktiki konfransı keçirilmişdir.
“Şəkinin Mədəni İrsinin Qorunmasına Dəstək” İctimai Birliyinin və Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdikləri tədbirdə respublikanın tanınmış alimləri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə əklil qoymuş, gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbirin əvvəlində Ulu Öndərə həsr olunmuş film nümayiş etdirilmişdir.
Konfransı giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq qeyd etmişdir ki, tariximizin yetirdiyi ən böyük şəxsiyyətlərdən olan Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütün dünya xalqlarının və bəşəriyyətin tarixinə daxil olmuşdur. Heydər Əliyevin 30 ildən artıq Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü tarixi xidmətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu illərdə xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində əldə edilmiş uğurlar məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Bildirilmişdir ki, respublikanın hər yerində olduğu kimi, Şəki şəhərində də dahi şəxsiyyətin anadan olmasının 90 illiyi silsilə tədbirlərlə geniş qeyd olunur. Keçirilən tədbirlərdə Ulu Öndərin Vətən və xalq qarşısındakı tarixi xidmətləri bir daha xatırlanır, onun siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanır.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxış edərək Ulu Öndərin milli-mənəvi dəyərlərimizin qorunması və inkişafına verdiyi əvəzsiz töhfələrdən danışmış, Ümummilli Liderin 2002-ci ilin noyabrında Şəkiyə səfəri, keçirdiyi görüşlərlə bağlı xatirələrini bölüşmüşdür.
Konfransın plenar iclasının birinci bölməsində “Heydər Əliyev və Şəkinin sosial-iqtisadi inkişaf tarixi”, “Şəkinin arxeoloji abidələri haqqında”, “Şəkinin tarixi qalaları”, “Şəki tarixinin öyrənilməsində AMEA-nın Azərbaycan Tarixi Muzeyi kolleksiyasının əhəmiyyəti”, “Orta əsr Şəki xanlığı”, “Şəkinin orta əsr tarixi abidələri”, “Şəkinin Mədəni İrsinin Qorunmasına Dəstək” İctimai Birliyinin mədəni irsin qorunmasında və təbliğində əsas fəaliyyəti”, “XVIII əsr Şəki sənətkarlığı”, “Şəki arxeoloji abidələrinin öyrənilməsi” və digər mövzularda məruzələr dinlənilmişdir.
Konfransın ikinci bölməsində “Şəkinin tarixi abidələrinin regionda turizmin inkişafında rolu”, “Şəki şəhəri Azərbaycanın ən mühüm tarixi şəhərlərindən biri kimi”, “Azərbaycanda tarixi turizmin təbliğində Şəkinin rolu”, “Dünya Bankının Şəkinin tarixi abidələrinin bərpası layihələrinin həyata keçirilməsində Heydər Əliyevin rolu”, “Şəki bölgəsində turizmin imkanları”, “Heydər Əliyevin Azərbaycançılıq məfkurəsində ədəbiyyat və dil məsələləri” və digər mövzularda məruzələr dinlənilmiş, çıxışlar olmuşdur.
Konfransın gündəliyinə uyğun olaraq elm adamları və qonaqlar daha sonra Şəkinin qədim tarixi abidələri ilə tanış olmuşlar.