Şriftin ölçüsü :

Saytın rəngi :

Muğam Televiziya Müsabiqəsinin növbəti seçim turu Şəkidə keçirilmişdir

02 fevral 2019 | 09:02

Heydər Əliyev Fondunun dəstəyi ilə iki ildən bir təşkil olunan VII Muğam Televiziya Müsabiqəsinin dinləmələri davam edir. Bölgələr üzrə növbəti seçim turu Şəki şəhərində reallaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki Dövlət Regional Kollecində təşkil edilən dinləmələrdə Şəki, Qax, Mingəçevir və Yevlaxdan olan 9 yeniyetmə və gənc ifaçı öz istedadını nümayiş etdirib.
Münsiflər heyətinin üzvləri - Xalq artistləri Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov, Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının direktor müavini, Əməkdar incəsənət xadimi İlham Rəhimli iştirakçıları dinləyərək, onların ən istedadlılarını növbəti tura layiq biliblər.
Münsiflər heyətinin seçiminə əsasən, 5 ifaçı, o cümlədən Şəkidən Əfqan Mahmudov, Elton Əhmədli, Aycan Şükürlü və Asif Əlizadə müsabiqənin Bakı şəhərində keçiriləcək növbəti turuna vəsiqə qazanıblar.
Xatırladaq ki, VII Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə keçirilir.

Keçidlər