Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə təhlükəsizlik orqanlarının 100 illiyi qeyd edilib

15 fevral 2019 | 10:02

Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edən ümummilli lider Heydər Əliyev siyasi xəttinin dönmədən həyata keçirilməsi, Vətənimizin, xalqımızın təhlükəsizliyi, yüksək sayıqlıq, peşəkarlıq və fədakarlıq təhlükəsizlik orqanlarının fəaliyyətinin əsasını təşkil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir fevralın 14-də Şəki şəhərində ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinin öyrənilməsinə həsr olunan regional tədbirdə səsləndirilib. Tədbir Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə keçirilib.
İştirakçılar əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində dahi rəhbərin mənalı ömür yolu və zəngin fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olublar.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov müstəqil Azərbaycanın hüquq mühafizə, o cümlədən təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun formalaşmasında ümummilli lider Heydər Əliyevin çox böyük xidmətləri olduğunu vurğulayıb. Bildirilib ki, ömrünün 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr edən Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xüsusi xidmət orqanlarının inkişafını daim diqqət mərkəzində saxlayıb, dövrün ağır şərtlərinə baxmayaraq, bu orqanların formalaşmasına böyük əmək sərf edib. Sədaqətli və vətənpərvər ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasının yaradılması da bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Diqqətə çatdırılıb ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin bu siyasətini yeni tələblərə uyğun şəkildə uğurla davam etdirir. Dövlətimizin başçısının göstərişi ilə ölkənin milli təhlükəsizlik konsepsiyası hazırlanıb və qəbul edilib. Konsepsiya dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təzyiqlərdən qorumaq məqsədilə hazırlanıb və təhlükəsizlik sisteminin XXI əsrin tələblərinə uyğun inkişaf etdirilməsini nəzərdə tutur. Bu istiqamətdə lazımi hüquqi baza yaradılıb, texniki təchizat və kadr hazırlığı işi yeni tələblərə uyğun qurulub. Bu gün təhlükəsizlik sistemində dövrün tələblərinə uyğun islahatların aparılması ölkə rəhbərliyinin xüsusi nəzarətindədir.
Toplantıda Dövlət Təhlükəsizlik Xidmətinin Şəki şəhər şöbəsinin rəisi Natiq Zamanov çıxış edərək, təhlükəsizlik orqanlarının keçdiyi tarixi yola qısa nəzər salıb.
“Alyans” Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyi İdarə Heyətinin üzvü Əli Orucov çıxışında müstəqil Azərbaycanın təməlinin məhz ümummilli lider Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarına və ölkəmizə rəhbərlik etdiyi vaxtlardan qoyulduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Ulu Öndərin dövlət təhlükəsizlik sistemindəki fəaliyyətinə nəzər saldıqda onun peşəkarlığı, əməliyyat işinin təşkili və aparılmasındakı müqayisəedilməz səriştəliliyi diqqəti cəlb edir. Çox gənc yaşlarından dövlət hakimiyyətinin mühüm strukturlarından olan təhlükəsizlik orqanında xidmətə başlaması, burada çalışdığı uzun illər ərzində yüksək peşəkarlığa və təşkilatçılıq bacarığına yiyələnməsi onun həyat yolunu müəyyənləşdirən başlıca amil idi.
Şəhid mayor Aqşin Abdullayevin anası, Əməkdar müəllim Dursun Cavadova və Şəki regional “ASAN xidmət” mərkəzinin böyük məsləhətçisi Könül Kərimova çıxış edərək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini önə çəkib, Azərbaycan gənclərinin Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, dövlətimizin təhlükəsizliyinin və etibarlı müdafiəsinin keşiyində ayıq-sayıq dayandıqlarını vurğulayıblar.
Tədbir şəhər 14 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatıb.

Keçidlər