Şəkidə 84 mindən çox insan kütləvi tibbi müayinədən keçiriləcək
Əhalinin sağlamlığının qorunması dövlətimizin sosialyönümlü siyasətinin tərkib hissəsidir və bu məsələ ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq Azərbaycanda altıncı ildir keçirilən əhalinin kütləvi tibbi müayinəsi aksiyası dövlətimizin başçısının insanların sağlamlığının qorunmasına necə böyük önəm verdiyini bir daha təsdiq edir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev əhalinin tibbi müayinədən keçməsinin vacibliyinə toxunaraq deyib: “Bildiyiniz kimi, hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir. Bu da bizim təşəbbüsümüzdür, çox müsbət təşəbbüsdür. Hazırda bizdə vətəndaşların tibbi müayinədən keçmələri üçün hər bir yerdə müasir avadanlıq quraşdırılmış xəstəxanalar var. Bu da çox ciddi sosial layihədir və Azərbaycan bu sahədə də gözəl nümunə göstərir”.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dövlətimizin başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq, respublikamızın hər yerində olduğu kimi, Şəki rayonunda da əhalinin kütləvi tibbi müayinəsinə başlanılıb. Müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi komissiya yaradılıb, tədbirlər planı tərtib olunub. Aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 84 min 420 nəfərin müayinədən keçirilməsi nəzərdə tutulur. Rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyada fəal iştirak edirlər. Fevralın 12-də başlanan aksiyanın ilk dörd günündə 1902 nəfər tibbi müayinədən keçərək, öz sağlamlıqları barədə ətraflı məlumat əldə edib.
Tibbi müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsi bu günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Müayinə olunmaq üçün hər gün buraya yüzlərlə insan müraciət edir.
Poliklinikanın müdiri Nazim Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, müayinələr əvvəlcədən tərtib olunmuş cədvəl əsasında keçirilir. İlk növbədə, idarə, müəssisə və təşkilatlarda çalışanlar müayinəyə cəlb olunublar. Aksiyanın davam etdiyi müddətdə poliklinikadakı ümumi və biokimyəvi laboratoriyalar, rentgen, ultrasəs, elektrokardioqrafiya, flüoqrafiya, terapevtik kabinetlər əhaliyə pulsuz xidmət göstərəcək.
Müayinələr təcrübəli həkim və orta tibb işçiləri tərəfindən aparılır. Poliklinikanın həkimi Etibar Kərimovun bildirdiyinə görə, müayinə olunanlar arasında ürək-damar, oynaq, bronxit, kəskin respirator xəstəliklərdən əziyyət çəkənlər üstünlük təşkil edir. Belə xəstələrə müalicə təyin edilir, lazımi məsləhətlər verilir.
Ümumiyyətlə, aksiyanın ilk günlərində müayinədən keçənlərin 125 nəfərinə ambulator müalicə təyin edilib, 2 nəfər stasionar müalicəyə cəlb olunub. Müayinədən keçən Şəki şəhər sakinləri Sənəm Abdullayeva, Natiq Mustafayev, Baş Layısqı kəndindən Nüsrət Dərişov və başqaları onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, belə aksiyaların davamlı olmasını arzulayıblar.