Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

28 fevral 2019 | 00:02

Xalqımızın yaddaşında tariximizin ən faciəli günlərindən biri kimi dərin iz buraxmış Xocalı faciəsindən iyirmi yeddi il ötür. Faciənin 27-ci ildönümü Şəki şəhərində silsilə tədbirlərlə qeyd olunub. Tədbirlər planına uyğun olaraq, rayonun müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında anım tədbirləri, konfranslar, müsabiqələr keçirilib, sərgi və guşələr təşkil edilib.
Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir.
Bu fikir Xocalı faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar fevralın 26-da Şəki Dövlət Dram Teatrında keçirilən anım tədbirində səsləndirilib.
Şəhər rəhbərliyinin, rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Şəkinin “Yeni Çələbixan” məcburi köçkün qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 3 nömrəli tam orta məktəbin direktoru Eldəniz Məhərrəmov çıxış edərək, faciənin başvermə səbəbləri, mahiyyəti, acı nəticələri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıb.
Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində qətliam həyata keçiriblər. Qətliam nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 487 nəfər şikəst olub, 1275 insan əsir götürülüb, 150 nəfərin taleyindən indiyədək heç bir xəbər yoxdur.
Vurğulanıb ki, soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olub. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının önəmi xüsusi qeyd olunub.
Tədbirdə Şəki şəhər 3 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Faciənin ildönümü ilə əlaqədar şəhər icra hakimiyyəti tərəfindən rayonda məskunlaşan Xocalıdan olan məcburi köçkün ailələrinə maddi yardım göstərilib.

Keçidlər