Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiya hökumətinin dəstəyi ilə Şəkidə 23 saylı bağça üçün yeni bina inşa olunacaq

05 mart 2019 | 07:03

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində tezliklə Şəki şəhərində 23 saylı bağça binasının tikintisinə başlanılacaq.
Martın 4-də səfirliyin iqamətgahında Yaponiya hökumətinin maliyyə dəstəyi ilə reallaşacaq yeni layihə üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib. Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori iştirak edib.
Mərasimdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycanla Yaponiya arasında əlaqələrin bütün sahələrdə uğurla davam etdirildiyini bildirib. Diqqətə çatdırılıb ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində Şəkidə ilk layihə 2000-ci ildə həyata keçirilib. Ötən müddət ərzində Yaponiya hökumətinin dəstəyi ilə Şəkidə ümumi dəyəri 1,5 milyon ABŞ dollarına yaxın olan 18 layihə reallaşıb. Bu layihələr məktəb tikintisi, uşaq bağçalarının təmiri, tibb, ekologiya, su təchizatı və digər sahələri əhatə edib. İmzalanacaq yeni layihə isə sayca on doqquzuncudur.  Layihənin həyata keçirilməsi üçün göstərdiyi dəstəyə görə Yaponiya Hökümətinə, onun bilavasitə reallaşmasına kömək edən Yaponiyanın Azərbaycandakı səfirliyinə, xüsusilə cənab səfir Teruyuki Katoriyə xüsusi təşəkkür edən Elxan Usubov  bu əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyini diqqətə çatdırdı.   Tədbirdə çıxış edən, səfir Teruyuki Katori qeyd etdi ki,  Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən bu layihələr insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Sonra Teruyuki Katori və “Şəki Ekologiya və Təhsil Mərkəzi” Gənclərin İctimai Birliyinin sədri Əlirza Məhərrəmov layihə üzrə qrant müqaviləsini imzalayıblar. Dəyəri 89 min 147 ABŞ dolları olan layihənin icrası nəticəsində bağça binasının yerləşdiyi ərazidə məktəbəqədər təhsilin keyfiyyətinin yüksəlməsinə şərait yaranacaq.

Keçidlər