Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə tütünçülük və baramaçılığın inkişafına həsr olunan respublika müşavirəsi keçirilib

08 mart 2019 | 07:03

Martın 6-da Şəki şəhərində kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Azərbaycan Respublikasında baramaçılığın və tütünçülüyün inkişafı ilə bağlı 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Azərbaycan Sənaye Korporasiyasının rəhbər şəxsləri, rayonların icra hakimiyyəti strukturlarının rəsmiləri, Dövlət Aqrar İnkişaf mərkəzlərinin direktorları, elmi-tədqiqat institutlarının rəhbərləri, tütün və barama emalı müəssisələrinin təmsilçiləri, həmçinin 26 rayondan tütünçülük və baramaçılıqla məşğul olan 209 fermer iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətini başçısı Elxan Usubov tütünçülük və baramaçılığın bu bölgədə ən qədim məşğuliyyət növlərindən biri olduğunu vurğulayaraq deyib: “Görülən tədbirlər nəticəsində bu sahədə dönüş yaranıb. Son illər dövlətin diqqət və qayğısı nəticəsində digər regionlarda olduğu kimi, Şəkidə də tütünçülük və baramaçılıq inkişaf etməkdədir. Şəkidə tütün əkilən sahələr genişlənib və bu da istehsalın artmasına səbəb olub”.
Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda tütünçülük və baramaçılığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Nazir deyib: “Digər sahələr kimi, aqrar sahənin inkişafı da Prezident İlham Əliyevin xüsusi diqqətində olan məsələdir. Dövlətimizin başçısı tərəfindən qarşımıza qoyulan məqsədlərdən biri aqrar sahədə məhsuldarlığı artırmaqdır. Ölkədə tütünçülük və baramaçılığın inkişafı ilə bağlı dövlət proqramlarının qəbul edilməsi dövlətin bu sahəyə diqqətini göstərir. 2018-ci ildə əvvəlki illə müqayisədə tütün əkin sahələri, istehsal olunan tütünün həcmi artıb, hər hektara düşən məhsuldarlıq yüksəlib. Bu il tütün əkin sahələrinin daha da çox olacağı gözlənilir. Tütün əkini üçün tələb olunan mineral gübrə ilə təminat həyata keçirilib, aqrotexniki qaydalara uyğun tədbirlər görülüb”.
Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayan nazir İnam Kərimov deyib: “Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Baramaçılığın inkişafı əhalinin məşğulluğunun artırılmasına və sosial rifahının daha da yaxşılaşdırılmasına imkan verib. Dövlət Proqramında yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi-tədqiqat işlərinin genişləndirilməsi, toxumçuluq zavodlarının, baramanın ilkin emalı üçün qurutma məntəqələrinin yaradılması nəzərdə tutulur”.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev “Azərbaycanda tütünçülüyün inkişafı ilə bağlı 2019-cu təsərrüfat ilində qarşıda duran vəzifələr”, “Azərtütün ASK” MMC-nin direktoru Cavid Ağaməliyev “Tütün qəbulu və emalının təşkili”, Kənd Təsərrüfatı Nazirliyinin təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov “Tut ipəkqurdu toxumçuluğunun və tut tingçiliyinin mövcud vəziyyəti”, Azərbaycan Sənaye Korporasiyasının Aqrar-sənaye sahələri departamentinin direktoru İlham Bayramov “Tütün və barama emalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi üçün görülən işlər”, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev “Hibrid ipəkqurdu toxumçuluğu və inkubasiyanın təşkili”, “Azəripək” MMC-nin direktoru Nizami Qəribov “Barama emalının mövcud vəziyyəti və perspektivləri” mövzusunda məruzələrlə çıxış ediblər.
Müşavirədə Zaqatala rayonundan olan tütünçü fermer Akif Kələşov və Zərdab rayonundan kümçü-fermer Surxay Xəlilov məşğul olduqları sahə ilə bağlı fikirlərini bölüşüblər.
Müşavirədə şitil, toxum, mineral gübrələr, toxum və texnika ilə təminat, suvarma məsələləri, subsidiyaların verilməsi ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Keçidlər