Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın yığıncağı keçirilib

15 mart 2019 | 08:03

Martın 13-də Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın yığıncağı keçirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən yığıncaqda Şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Şəki Şəhər İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və kümdarlar iştirak ediblər.
İclası giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açıb. O bildirib ki, Şura iclasının gündəliyində “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial müdafiəsi məqsədilə qəbul etdiyi qərarlar və onların əhəmiyyəti” və  “Şəki rayonunda barama istehsalının inkişafı istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında” məsələlər durur.
Gündəlikdə duran birinci məsələ ilə bağlı başçının müavini -  ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son aylarda əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş bir sıra qərarlar qəbul etmişdir. Minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən  çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində mühüm göstərişlərin verildiyini vurğulayan Z.Cavadova bu qərarların əhəmiyyətindən danışıb.
  Sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, mart ayının 6-da Şəkidə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə tütünçülüyün və baramaçılığın inkişafına dair respublika müşavirəsi keçirilmişdir. Müşavirədə Kənd Təsərrüfatı naziri İnam Kərimov iştirak etmişdir. İstər tütünçülük, istərsə də baramaçılıq sahəsində əldə olunan nailiyyətlər, mövcud problemlər və eləcə də qarşıda duran vəzifələr geniş müzakirə edilmişdir. Bu sahələr üzrə rayonumuzda olan problemləri mən əhatəli qaydada cənab nazirin diqqətinə çatdırmışam. Bununla belə rayonumuz üçün xüsusi əhəmiyyət kəsb edən baramaçılığı sizinlə birlikdə müzakirə etməklə qarşımızda duran vəzifələri müəyyən etməyi məqsədəmüvafiq bilirəm.
  Daha sonra Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini-sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Firon Əliyev gündəlikdə duran ikinci məsələ barədə məruzə edib O, Şəki rayonunda barama istehsalının inkişafı istiqamətində son dövrlər görülən işlərdən danışıb, ötən il rayonda barama istehsalında məhsuldarlığın aşağı olmasının səbəblərinə toxunub, ipəkçilik diyarı kimi tanınan Şəki rayonunda 2019-cu il və gələcəkdə barama istehsalının dinamik inkişafının təmin edilməsi məqsədilə qarşıda duran vəzifələrdən bəhs edib.
Məruzə ətrafında  “Azəripək” MMC-nin direktoru Nizami Qəribov, Şəki Regional Elm Mərkəzinin direktoru Yusif Şükürlü, Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Yusifov və digərləri çıxış ediblər.
Yığıncağın sonunda 2018-ci ildə rayonda barama istehsalı üzrə yüksək göstəricilər əldə edən bir qrup kümdara Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilib.

Keçidlər