Şriftin ölçüsü :

Saytın rəngi :

Qədim və müasir Şəki tur-aksiyanın ilk iştirakçılarını qəbul edib

19 mart 2019 | 02:03

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi ilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları başlanıb.
Tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu ilə hərəkət edən Gəncə şəhərinin, Gədəbəy, Göygöl, Samux, Şəmkir, Goranboy, Kəlbəcər, Xocalı və Tərtər rayonlarının məktəblilərindən ibarət qruplar ekskursiyanın ikinci günündə, martın 16-da qədim Şəkinin tarixi məkanları ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiya iştirakçıları ötən il istifadəyə verilən Heydər Əliyev Mərkəzinin qarşısında şəhər rəhbərliyi tərəfindən mehribanlıqla qarşılanıblar.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, özünəməxsus adət-ənənələri, iqtisadiyyatı və turizm potensialı barədə məlumat verib.
Bildirilib ki, 2700 ildən çox yaşı olan bu qədim diyar dünya əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına alınan 84 tarix və mədəniyyət abidəsi var. Füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, özünəməxsus sənətkarlığı, həmçinin zəngin irsinin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. 2018-ci ildə Şəkiyə 200 minə yaxın turist gəlib. Hər il bu şəhərdə beynəlxalq səviyyəli bir neçə festival keçirilir. Ənənəvi olaraq hər il keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında dünyanın bir sıra ölkələrinin tanınmış musiqi və folklor kollektivləri iştirak edirlər.
Diqqətə çatdırılıb ki, Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilib, 2017-ci ildə isə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb. Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Şərq memarlığının nadir incisi hesab olunan “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi üçün iş aparılır.
Bildirilib ki, tarixən ipəkçilik diyarı kimi tanınan Şəkidə bu sahənin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Hazırda Şəkidə ipəkçilik ənənələri yenidən bərpa olunur. Bölgənin ən iri sənaye müəssisələrindən olan “Azəripək” MMC bu gün Azərbaycanda ipəkçilik sənayesinin inkişafına çox böyük töhfələr verir.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Gəncə şəhərinin və 8 rayonun məktəbliləri şəhərin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Məlumat verilib ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir. Qoruğu əhatələyən əzəmətli qala divarlarının təxminən 1743-1755-ci illərdə tikildiyi ehtimal edilir.
Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı tur-aksiya iştirakçılarında böyük maraq doğurub. Məktəblilərin diqqətinə çatdırılıb ki, saray XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5 min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal və rəngli şüşə düşür.
Məktəblilər sarayın önündə xatirə şəkilləri çəkdiriblər.
Tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, qoruğun ərazisində ötən il istifadəyə verilən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin yaradılmasında əsas məqsəd ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsindən ibarətdir. Bura həm də Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşüb.
Sonra tur-aksiya iştirakçıları qoruğun ərazisini gəziblər. Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır. Buradakı qədim fayton məktəblilərin xüsusi marağına səbəb olub. Bildirilib ki, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanov 1920-ci ilin oktyabrında Yevlaxdan Şəkiyə məhz bu faytonla gəlib.
Məktəblilər, həmçinin qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbəd və Xalq Tətbiqi Sənəti Muzeyində də olub, sənətkarlıq emalatxanalarına baş çəkiblər.
Tur-aksiya iştirakçıları günün ikinci yarısında Zaqatala rayonunun tarixi məkanları ilə tanış olacaqlar.

Keçidlər