Şəkidə Novruz kuboku uğrunda intellektual oyunlarda yüzdən çox yeniyetmə və gənc biliyini sınayıb
Şəkidə “Nə? Harada? Nə zaman?” və “Xəmsə” intellektul oyunları üzrə Novruz kuboku uğrunda yarışlar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının “Roman” və “Gənclər” komandalarının qələbəsi ilə başa çatıb. “Marxal” otelində 22 komandanın iştirakı ilə keçirilən yarışlarda 100-dən çox yeniyetmə və gənc öz intellektual biliyini nümayiş etdirib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Gənclər və İdman İdarəsindən məlumat verilib.
Yarışın açılışında idarənin rəisi Vüqar İskəndərov çıxış edərək, ənənəvi olaraq hər il Novruz bayramı ərəfəsində keçirilən bu yarışların yeniyetmə və gənclərin intellektual səviyyəsini daha da inkişaf etdirmək, bilik və bacarıqlarını artırmaq, asudə vaxtlarını mənalı və səmərəli təşkil etmək məqsədi daşıdığını bildirib, yarış iştirakçılarına uğurlar arzulayıb.
Sonra komandalar “Nə? Harada? Nə zaman?” və “Xəmsə” intellektul oyunları üzrə keçirilən yarışlarda bilik və bacarıqlarını nümayiş etdiriblər.
Yarışın yekun nəticələrinə əsasən, “Nə? Harada? Nə zaman?” intellektual oyununda şəhər 1 saylı tam orta məktəbin “Aysberq” və ADPU-nun “Gənclər” komandaları, “Xəmsə” milli oyunu üzrə yarışda isə “Aysberq” və ADPU-nun “Anonim” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Qalib komandalara kubok, medal və diplomlar təqdim olunub.