Şriftin ölçüsü :

Saytın rəngi :

Qərb bölgəsinin tarixi məkanları ilə tanışlıq Şəki məktəblilərinin ürəyincə olacaq

24 mart 2019 | 10:03

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Şəki rayonunun məktəblilərindən ibarət qrup martın 23-də səhər saatlarında Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə respublikamızın qərb bölgəsinə yola salınıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki məktəblilərini yola salmaq üçün Heydər Əliyev Mərkəzinin qarşısına toplaşan şəhər icra hakimiyyətinin rəsmiləri, müəllim və valideynlər gənclərə tövsiyələrini verib, onlara mənalı istirahət arzulayıblar.
Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Yolasalma mərasimində şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova çıxış edərək altıncı ildir ki, uğurla davam edən “Ölkəmizi tanıyaq” layihəsinin mühüm əhəmiyyət daşıdığını, tur-aksiyaların məktəblilərə ölkəmizin müxtəlif bölgələri, oradakı tarixi abidələr, qədim yaşayış məskənləri ilə yaxından tanış olmaq imkanı yaratdığını bildiriblər. Layihənin əvvəlki mərhələlərində qədim Şəki diyarının Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan minlərlə məktəblini qəbul etdiyini vurğulayan icra hakimiyyətinin rəsmiləri tur-aksiyanın indiki mərhələsində də Şəkiyə respublikamızın 9 rayonundan məktəblilərin gələcəyini diqqətə çatdırıblar.
Bildirilib ki, qərb bölgəsinə səyahət zamanı məktəblilər Gəncə, Şəmkir, Göygöl, Tovuz, Qazax və Ağstafa şəhərlərində Heydər Əliyev mərkəzlərini, muzeyləri ziyarət edəcək, tarixi abidələrlə tanış olacaq, bölgənin sosial-iqtisadi inkişafını, şəhər və rayonların yeniləşən simasını, son illər aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərini öz gözləri ilə görəcəklər.
Müəllim və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusla qərb bölgəsinə yola düşüblər.

Keçidlər