Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə Şəkidə tədbir keçirilib
Martın 27-də Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə Şəki şəhərində tədbir keçirilib.
Şəhər rəhbərliyi və DTX-nın Şəki şəhər şöbəsinin əməkdaşları əvvəlcə Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Heydər Əliyev Mərkəzinin akt zalında keçirilən tədbirdə əvvəlcə Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyinə həsr olunmuş film nümayiş olunub.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd edib ki, təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin ən böyük xidmətlərindən biri siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının fəaliyyətinə qayğı ilə yanaşıb. Təhlükəsizlik orqanlarının maddi-texniki təchizatı, sovet dövründə formalaşmış peşəkar əməkdaşların qorunması ilə yanaşı, gənc kadrların yetişdirilməsi məsələsi də daim diqqət mərkəzində saxlanılıb.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkəmizin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm və taleyüklü addımlar atır.
Tədbirdə Dövlət Təhlükəsizlik Xidmətinin Şəki şəhər şöbəsinin rəisi Natiq Zamanov çıxış edərək, təhlükəsizlik orqanlarının keçdiyi tarixi yola qısa nəzər salıb.
Sonra təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə Dövlət Təhlükəsizlik Xidməti rəisinin imzaladığı əmrlə bir qrup əməkdaşa növbəti hərbi rütbələr verilib, eləcə də Şəki rayonun ictimai həyatında fəal iştirak edən əməkdaşlara fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.
Tədbir Şəki şəhər uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivinin hazırladığı müsiqi proqramı ilə başa çatıb.