Şəkidə Milli Fəaliyyət Proqramının icra vəziyyəti ilə bağlı ictimai dinləmələr keçirilmişdir
İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süıeymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icra vəziyyətinin öyrənilməsi məqsədi ilə mayın 14-də Şəki şəhərində ictimai dinləmələr keçirmişdir.
Tədbirdə şəhər icra hakimiyyəti aparatının məsul işçiləri, yerli icra, bələdiyyə və hüquq-mühafizə orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Tədbirdə bildirilmişdir ki, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. İnsan hüquqlarının təmin edilməsi ölkəmizdə gedən demokratik proseslərin tərkib hissəsi kimi, daim dövlətin diqqət mərkəzində olan məsələlərdən biridir. Bu hüquqlar gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də hüquqi normativ sənədlərdə öz əksini tapır. Müasir dövrdə insanın hüquq və azadlıqlarının təmini və səmərəli şəkildə müdafiəsi, həmçinin dövlət tərəfindən qanunvericilikdə təsbiti hər bir dövlətin və cəmiyyətin inkişafının mühüm faktoruna çevrilmişdir.
Qeyd olunmuşdur ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması ümummilli lider Heydər Əliyevin siyasətinin əsas istiqamətlərindən biri idi. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” bu sahədə mühüm əhəmiyyətə malikdir. Bu sənəddə nəzərdə tutulmuş tədbirlər, vəzifələr ölkənin hər bir yerində olduğu kimi, Şəkidə də ardıcıl həyata keçirilir.
Tədbirdə insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artıqmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzə ətrafında çıxışlardan sonra insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova iştirakçıların suallarını cavablandırmışdır.