Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib

21 aprel 2019 | 10:04

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət ölkəmizin inkişafına, xalqımızın əmin-amanlıq şəraitində yaşamasına tam təminat verir. Bu siyasətin əsas məqsədi insanların rifah halının yaxşılaşdırılması, onlara göstərilən qayğının daha da artırılması və həyat səviyyəsinin yüksəldilməsidir. Təbii ki, bütün bunların hamısı iqtisadi bazanın yaradılması sayəsində mümkün ola bilər. Ona görə də bu gün Azərbaycanda Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi altında genişmiqyaslı iqtisadi islahatlar həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər aprelin 20-də Şəki şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahədə uğurla reallaşdırılan islahatlara, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərə həsr olunmuş “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirədə səsləndirilib.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədovun, Milli Məclisin deputatlarının, YAP Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayon təşkilatlarının fəallarının, Şəki ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla yad edilib.
Sonra Baş nazirin müavini və qonaqlar Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə yaxından tanış olublar.
Müşavirəni Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlardan danışıb. Bildirilib ki, İlham Əliyevin 15 illik prezidentlik fəaliyyətinin təhlili dövlətimizin başçısının sosial məsələlərin həllinə həmişə xüsusi diqqət göstərdiyini təsdiqləyir. Hakimiyyətə gəldiyi ilk günlərdə dövlətimizin başçısı ölkə daxilində aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanacağını və əhalinin yaşayış səviyyəsinin artırılmasının onun əsas hədəfləri sırasında olacağını elan etmişdi. Ötən dövr göstərdi ki, Prezident İlham Əliyev öz prioritetlərinə, verdiyi vədlərə sadiqdir.
Elxan Usubov qeyd edib ki, dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafına diqqət və qayğısı sayəsində son illər ölkənin digər bölgələri kimi, Şəki şəhəri də yeni inkişaf mərhələsini yaşayır. Şəhərdə kompleks yenidənqurma işləri görülür, yeni istehsal sahələri yaradılır, sosial obyektlər istifadəyə verilir, infrastruktur yaxşılaşdırılır. Diqqətə çatdırılıb ki, son illərdə Şəkidə 41 məktəb, 18 uşaq bağçası, 6 səhiyyə və 11 mədəniyyət müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilib, yaşayış məntəqələrinin 86 faizi qazlaşdırılıb, yüksək keyfiyyətli yeni yollar çəkilib. “ASAN Həyat” kompleksinin açılması isə sakinlər üçün ən böyük hədiyyə olub.
Müşavirədə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlardan bəhs edib. Bildirib ki, bir il bundan əvvəl xalqımız növbəti dəfə İlham Əliyevi yenidən prezident seçdi. Xalq tərəfindən belə bir seçimin edilməsi vətəndaşların ulu öndər Heydər Əliyevin siyasətinə hörmətinin, inamının ifadəsi olmaqla yanaşı, Prezident İlham Əliyevin Azərbaycanın inkişafı yolunda əldə etdiyi nailiyyətlərinə, uğurlarına verilən qiymətdir.
Əli Əhmədov deyib: “2018-ci ildə keçirilən seçkilərdən bir il sonrakı müddətdə çox əhəmiyyətli, həyatımızın bütün sahələrini əhatə edən dəyişikliklər baş verib. Bu dəyişikliklər arasında diqqəti xüsusi cəlb edən məsələ vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması ilə əlaqədar çox əhəmiyyətli və genişmiqyaslı strategiyanın reallaşmasıdır. Prezident seçkilərindən sonra İlham Əliyevin imzaladığı ilk Fərman da məhz vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılması ilə əlaqədar olub. Ötən bir ildə həyata keçirilən çoxmiqyaslı tədbirlər çərçivəsində sosialyönümlü, sosial strategiyanın həyata keçirilməsi ilə bağlı Prezident tərəfindən çox vacib sənədlər imzalanıb. Nəticə etibarilə Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmağa başlanıb”.
Baş nazirin müavini qeyd edib ki, Prezidentin imzaladığı sərəncamlarla Azərbaycanda minimum əməkhaqqı 38 faiz artırılaraq, 130 manatdan 180 manata qaldırılıb. Beləliklə, Azərbaycanda təxminən 600 mindən çox insanın yaşayış səviyyəsində, aldığı əməkhaqlarında ciddi artım baş verib. Eyni zamanda, minimum pensiyaların 116 manatdan 160 manata çatdırılması nəticəsində yenə də təxminən 600 mindən çox insanın pensiyasında əhəmiyyətli artım baş verib ki, bu da onların rifahının yaxşılaşmasına kömək göstərəcək.
Müşavirədə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, YAP Siyasi Şurasının üzvü, deputat, akademik Yaqub Mahmudov, YAP Balakən rayon təşkilatının sədri, Siyasi Şuranın üzvü Azad Balayev və YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov mövzu ilə bağlı çıxış edib, həyata keçirilən uğurlu sosial siyasət haqqında danışıblar.

Keçidlər