Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Ailə bayramı” keçirilmişdir

16 may 2013 | 15:00

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə mayın 15-də Şəkidə Beynəlxalq Ailə Günü münasibətilə və ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Ailə bayramı” keçirilmişdir.
Bayram tədbirində respublikamızın bütün şəhər və rayonlarını təmsil edən, müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqələrdə qalib gəlmiş nümunəvi ailələr iştirak etmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, şəhər rəhbərliyi və qonaqlar əvvəlcə müxtəlif şəhər və rayonları təmsil edən ailələrin əl işlərindən ibarət sərgiyə, xalça və kilimlərə baxmış, milli mətbəx nümunələri ilə tanış olmuşlar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirmişdir ki, builki “Ailə bayramı”nın Ümummilli Liderin 90 illik yubileyinə həsr olunması heç də təsadüfi deyildir. Ulu Öndər bütün fəaliyyəti boyu Azərbaycan ailələrinin sağlam və xoşbəxt olması, rifahı, milli dəyərlər üzərində inkişaf etdirilməsi üçün çalışmışdır. O, milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab etmişdir.
Komitə sədri bildirmişdir ki, artıq altı ildir ki, bu bayram respublikamızın müxtəlif şəhər və rayonlarında geniş qeyd olunur. Təşkil olunan bu bayramların əsas əhəmiyyəti milli ailə ənənələrinin yaşadılması olsa da, bu bayramların bir üstünlüyü də ölkənin müxtəlif bölgələrində yaşayan ailələrin bir-biri ilə tanışlığı, bir-birinin təcrübələrini öyrənmələridir.
Tədbir çərçivəsində nikah mərasimi də olmuşdur. Yeni ailə quran gənclərə hədiyyələr təqdim olunmuşdur.
Müxtəlif şəhər və rayonları təmsil edən ailə ansambllarının təqdim etdikləri mahnı və rəqslər, muğam parçaları, aşıq musiqisi, habelə respublikanın tanınmış ifaçılarının çıxışları bayram iştirakçılarında xoş ovqat yaratmışdır.

Keçidlər