Şriftin ölçüsü :

Saytın rəngi :

AMAL çərçivəsində Şəkidə tütünçülük üzrə layihə reallaşdırılacaq

12 may 2019 | 02:05

Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) həyata keçirdiyi Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində mayın 11-də Şəkidə tütünçü fermerlərlə görüş olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyəti nümayəndələrinin də iştirak etdiyi görüşdə AKİA sədri Mirzə Əliyev aqrar məşğulluğun artırılması və gənclərin aqrar sahəyə marağının yüksəldilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində görülən işlər barədə məlumat verib.
Agentliyin sədri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənən tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramının icra olunduğunu və bu sahənin inkişafı üçün müvafiq addımlar atıldığını qeyd edib. “AMAL layihəsi çərçivəsində tütünçülüklə bağlı layihələrin dəstəklənməsi də bu addımlardan biridir”, – deyən Mirzə Əliyev tütün qurutma avadanlığının güzəştlə satılan kənd təsərrüfatı texnikası siyahısına daxil edildiyini diqqətə çatdırıb.
Layihə çərçivəsində tütün qurutma avadanlığının fermerlərə güzəştli şərtlərlə veriləcəyini bildirən AKİA sədri deyib: “AMAL-da iştirak edən bəzi gənclər bu layihəyə qrup halında qoşulublar və biz gənclərin bu addımını çox yüksək dəyərləndiririk. Çox arzu edərdik ki, fermerlər kooporativ yaratmağa maraq göstərsinlər. Bu, onlara həm xərcləri paylaşmağa, texnika almağa, həm də güclərini birləşdirib daha yüksək gəlir qazanmağa yardım edəcək”.

Keçidlər