Şriftin ölçüsü :

Saytın rəngi :

Əkinçilik İnstitutunun Şəki Dayaq Məntəqəsi yenidən qurulur

12 may 2019 | 02:05

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Şəki Dayaq Məntəqəsinin yenidən qurulması işlərinə başlayıb. AKİA-nın həyata keçirdiyi Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi çərçivəsində məntəqə üçün ofis binası və yardımçı binalar tikiləcək, ətraf abadlaşdırılacaq. Dayaq məntəqəsinin yenidən qurulmasında məqsəd elmi-təcrübi fəaliyyətlə yanaşı, fermerlərə xidmət keyfiyyətini yüksəltməkdir.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, dayaq məntəqəsinin təməlqoyma mərasimində çıxış edən AKİA-nın sədri Mirzə Əliyev bildirib ki, Şəki Dayaq Məntəqəsində hər il orta hesabla orijinal və yüksək reproduksiyalı 100-150 ton toxum istehsal olunur. Ətraf mühitin stress amillərinə davamlı, yerli şəraitə uyğunlaşdırılmış bu məhsuldar sortlar respublikanın dağətəyi ərazilərində, müxtəlif dəmyə şəraitində fəaliyyət göstərən toxumçuluq təsərrüfatlarının yüksək reproduksiyalı toxumla təminatında mühüm rol oynayır.
Dayaq məntəqəsinin bölgə fermerləri üçün əvəzolunmaz nümayiş sahəsi olduğunu bildirən Agentliyin sədri Mirzə Əliyev deyib: “Fermerlər məntəqədə müxtəlif sortlarla əyani şəkildə tanış olmaqla yanaşı, sortların bioloji xüsusiyyətlərinə görə eyni ətraf mühit amillərinə məruz qaldığı halda müraciət edə bilirlər. Xəstəliklərin öyrənilməsi ilə bağlı aparılan tədqiqat işləri zona üçün xarakterik xəstəlik və zərərvericilərə görə ətraf mühitin qiymətləndirilməsini, yaradılan və istehsal olunan sortların bu xəstəliklərə qarşı davamlı seçilməsini, lazımi aqrotexniki və kimyəvi mübarizə tədbirlərinin vaxtında planlaşdırılmasını və həyata keçirilməsini təmin edir”.
Diqqətə çatdırılıb ki, toxumçuluq fəaliyyətinin keyfiyyətini artırmaq üçün burada seleksiya və toxum saxlama anbarları, xırman, texnika üçün çardaq tikiləcək. Məntəqədə dənli bitkilərin keyfiyyət analizi laboratoriyasının tikilməsi və avadanlıqla təmin olunması da nəzərdə tutulub.
Məntəqə üçün tələb olunan yeni infrastrukturun qurulması aparılan hibridləşmə, seleksiya, nümayiş imkanlarını artıracaq, orijinal və yüksək reproduksiyalı toxumların istehsalı, çeşidinin artırılması baxımından daha yüksək keyfiyyət əldə edilməsinə nail olunacaq.
Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində dayaq məntəqəsinin təcrübə stansiyasına toxum təmizləmə avadanlıqları alınıb və tikinti işləri başa çatdıqdan sonra həmin avadanlıqlar istifadəyə veriləcək.

Keçidlər