Şəkidə ümummilli liderin xatirəsinə həsr olunan futzal üzrə “Şəki kuboku -2019” turniri başa çatıb
Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə, Yeni Azərbaycan Partiyası Şəki təşkilatının və Şəki şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Şəki rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə “Şəki Kuboku – 2019” turniri başa çatıb. Turnirdə Şəki rayonu əraizisində fəaliyyət göstərən təşkilatları təmsil edən 26 komanda iştirak etmişdir. 22 gün davam edən turnirin qalibi gərgin idman mübarizəsi şəraitində keçən finalda Şəki Mərkəzi Rayon Xəstəxanasının komandasını 6:3 hesabı ilə məğlub edən Şəki Şəhər-Rayon Polis Şöbəsinin komandası olmuşdur. Turnirdə üçüncü yeri Şəki Şəhər İcra Hakimiyyətinin komandası, dördüncü yeri isə “Marxal” Müalicə-İstirahət Kompleksinin komandası tutmuşdur.
Turnirin bağlanış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı, YAP Şəki təşkilatının sədri, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi və digər rəhbər şəxslər iştirak etmişdir. Mərasimdə çıxış edən YAP Şəki təşkilatının sədri Həsən Həsənov, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov ümummilli lider Heydər Əliyevin idmanın inkişafına hər zaman böyük önəm verdiyini vurğulamış, idmana olan dövlət qayğısından bəhs etmişlər. Qeyd olunmuşdur ki, ənənəvi olaraq hər il keçirilən turnirin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, idmana olan marağın artırılması və təşkilatlarda çalışanlar arasında xoş ünsiyyətin və əməkdaşlığın yaradılması olmuşdur.
Sonda qaliblərə kubok, medal, diplom və pul mükafatı verilmişdir. Bundan əlavə turnirin "ən yaxşı oyunçusu" və "ən yaxşı qapıçısı" nominasiyasının qaliblərinə də diplom və xatirə hədiyyəsi təqdim olunmuşdur.