Şəkidə ali məktəblərə qəbul imtahanı keçirilib
Dövlət İmtahan Mərkəzinin mayın 19-da Şəki şəhərində 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanları uğurla başa çatıb.
Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanların keçirilməsi üçün Şəki şəhərində 4 imtahan mərkəzi ayrılıb. İmtahanlar Şəki şəhərindəki 8 və 12 nömrəli tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü lisey və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub. Ümumilikdə 1880 abituriyentin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 162 nəzarətçi-müəllim cəlb edilib.
İmtahan saat 11:00-da başlayıb və 3 saat davam edib. İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədilə ikinci qrupda riyaziyyat, coğrafiya və tarix fənləri, üçüncü qrupda isə Azərbaycan dili, ədəbiyyat və tarix fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim olunub.
Regional bölmədən bildiriblər ki, bütün imtahan mərkəzlərində qəbul imtahanları mövcud təlimata uyğun aparılıb və heç bir qayda pozuntusuna yol verilmədən müəyyən olunmuş vaxtda başa çatıb.