Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Keramika Simpoziumu: təcrübə mübadiləsi və müasir meyillər bir arada

28 may 2019 | 02:05

Sənətkarlar diyarı kimi tanınan qədim Şəkidə sənətkarlığın digər növləri kimi, keramika sənəti də el sənətkarlarının fədakar əməyi sayəsində inkişaf etdirilib və bu günə qədər öz əhəmiyyətini saxlayıb.
Bu qədim diyarın zəngin tarixi-mədəni irsinin qorunub saxlanmasında, ata-babalarımızdan bizə miras qalmış keramika sənəti ənənələrinin davam etdirilərək gələcək nəsillərə ötürülməsində heç şübhəsiz ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ötən il oktyabrın 29-da Şəkiyə səfərləri çərçivəsində açılışı olan “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin böyük rolu var.
Bu günlərdə - mayın 20-də Şəki şəhərində “Təbiətdən tarixə” adlı I Beynəlxalq Keramika Simpoziumu işə başlayıb. Mayın 21-də Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində simpoziumun açılış mərasimi olub. İki həftə davam edəcək beynəlxalq simpoziumda Azərbaycanla yanaşı, 14 xarici ölkədən 26 nəfər keramikaçı iştirak edir.
AZƏRTAC-ın bölgə müxbiri Keramika və Tətbiqi Sənət Mərkəzində olub, simpozium iştirakçıları ilə görüşüb, təəssüratlarını öyrənib. Hazırda iştirakçılar simpoziumun yekununda təşkil olunacaq sərgi üçün müxtəlif formalı keramika nümunələri üzərində çalışırlar. Simpoziuma dəvət olunanlar təcrübəli sənətkarlardır. Onlar keramika ilə yanaşı, rəssamlığı, qrafikanı, heykəltaraşlığı da dərindən bilirlər. Burada onlara öz yaradıcılıqlarını nümayiş etdirmək üçün hər cür şərait yaradılıb. Müxtəlif ölkələrdən olan keramika ustaları burada bir-biri ilə təcrübə mübadiləsi aparır, keramika sənətinin müasir meyilləri ilə tanış olurlar. İştirakçılar yaradılan şəraitdən çox razıdırlar.
Nagima Alamanova simpoziuma Qırğızıstandan qatılıb. O, ölkəsinin İncəsənət Akademiyasında bədii keramika üzrə ali təhsil alıb. Simpoziumda iştirakından məmnunluğunu bildirən qırğızıstanlı keramika ustası AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Şəkidə keçiriləcək beynəlxalq simpoziumda iştirak etməyi çox arzulayırdım. Keramika işlərimin fotosunu “ABAD”ın saytına göndərdim və məni bu simpoziuma dəvət etdilər. Buna görə təşkilatçılara minnətdarlığımı bildirirəm”.
Lynda Ben Haj Abdellatif Ep Mokrani simpoziumda Tunisi təmsil edir. Azərbaycana ilk dəfədir gəlib. Burada özünü çox rahat hiss etdiyini vurğulayan tunisli xanım keramikaçı deyib: “Çox gözəl ölkəniz var. İnsanlarınız həddindən artıq qayğıkeşdirlər. Azərbaycan Avropa və İslam mədəniyyətlərinin kəsişdiyi bir ölkədir. Biz burada sənətimizlə bağlı ideyalarımızı bölüşürük. Təqdim edəcəyim əl işimdə tarixlə təbiətin əlaqəsini göstərməyə çalışıram”.
Azərbaycan beynəlxalq simpoziumda üç keramikaçı ilə təmsil olunub. Sevinc Yaftumova dörd ildir ki, bədii keramika ilə məşğuldur. Xanım sənətkar bir ildən çoxdur ki, Şəki şəhərindəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində çalışır. Simpoziumun əhəmiyyətini yüksək qiymətləndirən Sevinc Yaftumova AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Burada 15 ölkədən keramikaçılar iştirak edirlər. Onlar arasında çox gözəl ünsiyyət qurulub. Bir-birimizdən keramika sənətinin incəliklərini öyrənmək üçün çox yaxşı imkan yaranıb. Biz burada, eyni zamanda, öz işlərimizi də təqdim edəcəyik”.
Marvan Tavaha isə İordaniyadandır. Universitetdə keramika sənəti üzrə müəllim işləyir. Marvan Tavaha, eləcə də simpoziumda iştirak edən digər keramika ustaları tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.

Keçidlər