Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə gənc rəssam Elçin Mustafayevin fərdi sərgisi açılmışdır

21 may 2013 | 15:00

Mayın 20-də Şəki Dövlət Rəsm Qalereyasında gənc rəssam Elçin Mustafayevin fərdi sərgisi açılmışdır.
Şəhər rəhbərliyinin, incəsənət həvəskarlarının iştirak etdikləri tədbirdə qeyd olunmuşdur ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi şərəfinə təşkil olunan bu sərgi gənc rəssamın ilk fərdi yaradıcılıq sərgisidir. 1988-ci ildə Şəkidə anadan olmuş E.Mustafayev bu şəhərdəki 1 nömrəli uşaq incəsənət məktəbində rəssamlıq sənətinin ilk sirlərinə yiyələnmiş, daha sonra təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirmişdir.
Gənc rəssamın əsərləri indiyədək respublikamızda təşkil olunan müxtəlif sərgilərdə, o cümlədən bu ilin mayında Qəbələdə keçirilmiş III Beynəlxalq incəsənət sərgisində uğurla nümayiş etdirilmişdir.
Daha sonra sərgiyə baxış olmuşdur.
Sərgidə gənc rəssamın 60-a yaxın rəngkarlıq və qrafika əsəri nümayiş etdirilir. Doğulub boya-başa çatdığı torpağa, tarixi keçmişimizə bağlılıq, Vətən sevgisi bu əsərlərin əsas mövzusunu təşkil edir.
Sərgi bir ay davam edəcəkdir.

Keçidlər