Şriftin ölçüsü :

Saytın rəngi :

Simpoziumun türkiyəli iştirakçısı: Mənə görə, keramika sənətinin mərkəzi məhz Şəkidir

28 may 2019 | 03:05

“ABAD”ın təşkil etdiyi keramika simpoziumu barədə eşidincə, heç fikirlənmədən qatılmaq istədim. Sağ olsunlar, əl işlərim xoşlarına gəldi, məni simpoziuma dəvət etdilər. İndi buradayam və nə yaxşı ki, gəlmişəm.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəkidə işə başlayan I Beynəlxalq Keramika Simpoziumun iştirakçısı, Türkiyənin Süleyman Dəmirəl Universitetinin Gözəl Sənətlər fakültəsinin keramika bölməsinin rəhbəri, dosent, eyni zamanda, Keramik Araşdırma Mərkəzinin müdiri Serap Ünal Şəkidə deyib.
20 ildir ki, keramika sənəti ilə məşğul olduğunu, tələbələr yetişdirdiyini diqqətə çatdıran türkiyəli sənətkar hazırda tələbələrinin əksəriyyətinin universitetdə müəllim kimi çalışdığını bildirib.
Şəkidə sənətə və sənətkara verilən dəyəri yüksək qiymətləndirən Serap Ünal deyib: “Burada keçmişdə və müasir zamanda hazırlanan keramika işlərini gördüm, çox xoşuma gəldi. Mənə elə gəlir ki, keramika sənətinin mərkəzi məhz Şəkidir, tədbirimizin keçirildiyi “ABAD”ın bu gözəl Keramika və Tətbiqi Sənət Mərkəzidir”.
Qardaş Azərbaycana ikinci dəfədir gəldiyini, əvvəlki səfərində yalnız Bakıda olduğunu bildirən Serap Ünal paytaxtın çox sürətlə dəyişdiyini, daha da gözəlləşdiyini vurğulayıb.

Keçidlər