BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Şəkidə olmuşdur.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson mayın 20-də Şəki rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür. Nümayəndə heyətinin tərkibinə həmçinin qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən Məcburi Köçkünlərin Monitorinqi Mərkəzinin ölkəmizdə səfərdə olan nümayəndələri daxil idilər.
BMT-nin rəsmisi ilə əvvəlcə Şəki Şəhər İcra Hakimiyyətində görüş olmuşdur. Qonaqların diqqətinə çatdırılmışdır ki, Şəki rayonunun ərazisində Dağlıq Qarabağ və ətraf rayonlardan olan 1257 ailə və ya 5 minə yaxın məcburi köçkün məskunlaşmışdır. Onlara daim dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Məlumat verilmişdir ki, 2012-ci ilin sentyabrında rayonun Kiş bələdiyyəsinin ərazisində 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışı olmuşdur. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir. Görüşdən sonra BMT-nin nümayəndəsi və digər qonaqlar məcburi köçkünlər üçün salınmış yeni qəsəbəyə gəlmiş, ərazidə yerləşən məktəbə, klub-icma mərkəzinə, inzibati binaya baxmışlar. Bildirilmişdir ki, 423 ailənin yaşadığı bu qəsəbənin sakinləri əsasən Laçın, Ağdam, Kəlbəcər, Şuşa və Xocalıdan olan məcburi köçkünlərdir.
Qonaqlar köçkünlərin yaşayış şəraiti ilə də maraqlanmış, şəhid ailəsinin evində olmuşlar. Daha sonra BMT-nin nümayəndəsi rayonun Vərəzət kəndində məskunlaşmış məcburi köçkün ailələri ilə görüşmüşdür.
Şəkiyə səfərləri çərçivəsində qonaqlar şəhərin görməli yerləri və tarixi abidələri ilə tanış olmuşlar.