Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Şəkidə vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin həlli üçün operativ tədbirlər görürlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iyunun 13-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Şəki və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciət və təkliflərini dinləyib.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla yad olunub.
Qəbulda müraciətlər əsasən, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma, məşğulluq və digər məsələlərlə bağlı olub.
Vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərlə əlaqədar vətəndaşlara hərtərəfli izahat verilib, icrası nəzarətdə saxlanılmaqla onların aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Qəbul başa çatdıqdan sonra Komitə sədri Hicran Hüseynova Şəkinin bir qrup fəal qadını ilə görüşüb. Onların müraciəti dinlənilib və təklifləri nəzərə alınıb.
Həmin gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə Qax şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Qax, Balakən, Zaqatala rayonlarının sakinlərinin qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.