Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib

26 iyun 2019 | 10:06

Terrorizm və ekstremizm müasir dünya üçün ən ciddi təhdidlərdəndir. Dünyanın bir çox ölkələrində din amilindən istifadə vətəndaş müharibələrinə, terror hadisələrinə, eyni dinə etiqad edən insanlar arasında qarşılıqlı nifrətə gətirib çıxarır. Hazırda dinlər və sivilizasiyalar arasında toqquşmalar XX əsrdə “soyuq müharibə” illərindəki ideoloji toqquşmanı əvəz edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 25-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfransda səsləndirilib.

Dövlət Komitəsinin və şəhər icra hakimiyyətinin rəhbər şəxsləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdikləri konfransda ölkəmizdə dini sahəyə, milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan, dini sabitliyin qorunub saxlanılması sahəsində görülməsi vacib olan məsələlərdən geniş bəhs olunub.

Konfransın əvvəlində azərbaycançılıq ideologiyasına həsr olunan sənədli film nümayiş etdirilib.

Konfransda çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu, dünyada nümunəvi model kimi qiymətləndirildiyini bildirib. Qeyd olunub ki, dövlət din sahəsinə qayğı, dəstək göstərir və bu siyasət tolerantlığın tərkib hissəsi kimi həyata keçirilir. Dövlət dini qurumlar və dini icmalar arasında münasibətlərin sağlam əməkdaşlıq və tolerantlıq əsasında qurulması işinə yardım göstərir. Bu, ölkədə ümumi ictimai-siyasi sabitliyin qorunub saxlanılmasının mühüm şərtidir.

Diqqətə çatdırılıb ki, hazırda Şəkidə dövlət qeydiyyatından keçmiş 28 dini icma fəaliyyət göstərir. Dini icmalarla qarşılıqlı münasibətlərin formalaşması nəticəsində rayonda dini durum sabitdir, dövlət-din münasibətləri qanunvericilik bazası əsasında tənzimlənir, zərərli təriqətlərin rayon ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması istiqamətində görülən işlər barədə danışıb.

Azərbaycanın dünyanın çox həssas bir bölgəsində yerləşdiyini bildirən komitə sədri qeyd edib ki, bu bölgədə müxtəlif dünya dövlətlərinin maraqları üz-üzə gəlir, toqquşur.

Müasir dünyanın özünəməxsus çağırışları olduğunu diqqətə çatdıran Mübariz Qurbanlı bildirib ki, həmin çağırışlarla bağlı BMT dünyanın 20-dək problemini müəyyən edib. Onların içərisində demoqrafiya, ekologiya, nüvə müharibəsi təhlükəsi, müxtəlif sağalmaz xəstəliklərin yayılması, su çatışmazlığı, iqlim dəyişkənliyi ilə bağlı və digər problemlər ön sıralarda yer alır. Terrorizm və onun törətdiyi fəlakətlər də dünyanı narahat edən xüsusi problemlər sırasındadır.

Bütün dövrlərdə terrorun olduğunu bildirən komitə sədri vurğulayıb ki, indi terrorun da mahiyyəti dəyişib və terror müxtəlif formalarda təzahür edir. “Müasir terror orta əsrlərin terrorundan kəskin şəkildə fərqlənir. Müasir terror texnoloji nailiyyətlərdən yararlanır. Terror təhlükəsinin dünya problemləri, çağırışları içərisində yer tutması dinlə əlaqədar məsələləri də gündəmə gətirir. Çünki dindən həmin terror təşkilatlarında ideoloji vasitə kimi istifadə olunur. Biz bunu Yaxın Şərq ölkələrində, o cümlədən qeyri-islam ölkələrində görməkdəyik”.

Bildirilib ki, indi terror törədilməsi zamanı hər hansı bir sosial ideya deyil, dini amil ortaya çıxır və bu amildən istifadə edərək kütləvi terror qırğınları törədilir. Bu terror hadisələri yalnız müsəlman ölkələrində deyil, digər ölkələrdə də baş verir. Ayrı-ayrı ölkələrdə bu terror əməlləri dindaxili deyil, dinlərarası terror kimi təzahür edir. Din amilindən terror vasitəsi kimi istifadə olunur.

İslam dinindən terrorda istifadədə bir neçə məqsədin güdüldüyünü vurğulayan Dövlət Komitəsinin sədri deyib: “Bu məqsədlərdən biri İslam daxilindəki məzhəblərarası qarşıdurmanı dərinləşdirməklə gənc nəsildə bir-birinə qarşı nifrət hissi oyatmaq və son nəticədə həmin İslam dövlətində bu məzhəblərarası qarşıdurmadan istifadə edərək ölkəni zəiflətmək, çökdürmək və dağıtmaqdır”.

Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərindən söz açan Mübariz Qurbanlı bu modelin dünyada rəğbətlə qarşılandığını deyib. Əlavə edib ki, Ulu Öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşün, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın görürük. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir.

Çıxışında dinə dövlət qayğısının önəminə toxunan Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Kamran Məmmədov regionlarda keçirilən bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

Keçidlər