Yeni Azərbaycan Partiyası Şəki təşkilatının konfransı keçirilmişdir
Yeni Azərbaycan Partiyası Şəki təşkilatının VII konfransı keçirilmişdir. Konfransda şəhər rəhbərliyi, YAP Siyasi Şurasının və Mərkəzi Aparatının məsul nümayəndələri, qurumun ərazi ilk partiya təşkilatlarından seçilmiş 278 nəfər partiya üzvü iştirak etmişdir.
Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Təşkilatın sədri Həsən Həsənovun məruzəsində qurumun əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti təhlil edilmiş, qarşıda duran vəzifələrdən bəhs edilmişdir. Bildirilmişdir ki, 102 ərazi ilk partiya təşkilatını özündə birləşdirən YAP Şəki təşkilatının üzvlərinin sayı ötən dövr ərzində 980 nəfər artaraq 10 min nəfəri ötmüşdür. Qarşıdan çox məsul siyasi kampaniya- növbəti prezident seçkiləri gəlir. Təşkilatın üzvləri ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu siyasi kampaniyaya çox ciddi hazırlaşırlar. Onlar əmindirlər ki, xalqımız əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də Yeni Azərbaycan Partiyasının vahid namizədini dəstəkləyərək tərəqqiyə, sülhə, əmin-amanlığa səs verəcəklər.
Konfransda YAP Siyasi Şurasının üzvü, AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və başqaları çıxış edərək təşkilatın üzvlərinə qarşıdan gələn prezident seçkilərində uğurlar arzulamış, tövsiyyələrini bildirmişlər.
Konfransın sonunda Yeni Azərbaycan Partiyasının V Qurultayına nümayəndələr seçilmişdir.