Şriftin ölçüsü :

Saytın rəngi :

Xarici ölkələrin diplomatları Şəkinin emal müəssisəsi və tarixi məkanları ilə tanış olublar

29 iyun 2019 | 08:06

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iyunun 27-də Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhərinə səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 45-dən çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar Şəkinin sosial-iqtisadi, mədəni inkişafı, habelə turizm potensialı ilə yaxından tanış olublar.
“Marxal” otelində yerləşən diplomatların Şəki ilə ilk tanışlığı Kiş kəndindəki qədim alban məbədini ziyarətlə başlayıb. Qonaqların diqqətinə çatdırılıb ki, məbəd eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. Məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Sonra diplomatik korpusun nümayəndələri “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tərkibindəki “ASK Şəki Şərab” zavoduna gəliblər. ASC-nin baş direktor müavini İlqar İsayev diplomatlara ASC tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib. Diqqətə çatdırılıb ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisələrindən biri olan Şəki şərab zavodu Çələbi xan qəsəbəsində yerləşir. Zavod 2018-ci ildən etibarən ASC-nin tərkibinə daxil olub. Zavodun illik üzüm qəbulu 3 min tondur. Burada fəaliyyət göstərən sexlər ən müasir avadanlıqla təchiz olunub. Müəssisədə Azərbaycanda ilk dəfə üzümün tumlarını ayıran qurğu da quraşdırılıb. Zavodda istehsal prosesi tam avtomatlaşdırılıb. Gələcəkdə kənar asılılıqdan qurtulmaq məqsədilə müəssisənin nəzdində 200 hektar üzüm bağının salınması və “vine tourism” şərab turizminin yaradılması da nəzərdə tutulur. Müəssisənin istehsal etdiyi şərablar dünya standartlarına tam uyğundur və bu məhsulların daxili və xarici bazarlarda satışının həyata keçirilməsi istiqamətində də müvafiq danışıqlar aparılır. Cari mövsümdə məhsulların ixracı məqsədilə Belarus Respublikası, Çin və İspaniyanın şirkətləri ilə ilkin razılıq əldə olunub.
Sonra diplomatlar zavodda istehsal olunan məhsulların dadına baxıblar.
Səfər proqramına uyğun olaraq diplomatik korpusun nümayəndələri sonra Şəki şəhərinin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Məlumat verilib ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir.
Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı diplomatik korpusun nümayəndələrində böyük maraq doğurub. Qonaqların diqqətinə çatdırılıb ki, saray XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5 min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal və rəngli şüşə düşür.
Bildirilib ki, 2700 ildən çox yaşı olan qədim Şəkidə dövlət qeydiyyatına alınan 84 tarix və mədəniyyət abidəsi var. Füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, özünəməxsus sənətkarlığı, həmçinin zəngin irsinin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. 2018-ci ildə Şəkiyə 200 minə yaxın turist gəlib. Hər il bu şəhərdə beynəlxalq səviyyəli bir neçə festival keçirilir. Ənənəvi olaraq hər il keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında dünyanın bir sıra ölkələrinin tanınmış musiqi və folklor kollektivləri iştirak edirlər.
Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Şərq memarlığının nadir incisi hesab olunan “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi üçün iş aparılır.
Sonra diplomatlar Qoruğun ərazisində ötən il istifadəyə verilən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, keramika sənəti qədim dövrlərdən başlayaraq Azərbaycanda ən geniş yayılmış sənət sahələrindən biri olub. Sənətkarlar diyarı kimi tanınan qədim Şəkidə sənətkarlığın digər növləri kimi, keramika sənəti də bu günə qədər öz əhəmiyyətini saxlayıb. Bildirilib ki, mərkəzin yerləşdiyi bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. Mərkəzdə keramika və tətbiqi sənətlə məşğul olanlar üçün hər cür şərait yaradılıb. Keramika və Tətbiqi Sənət Mərkəzinin yaradılmasında əsas məqsəd ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsindən ibarətdir.
Diplomatlar Mərkəzin emalatxanalarını gəzib, şəkili sənətkarlarla görüşüb, onların əl işlərinə baxıblar.
Şəkiyə səfərləri çərçivəsində diplomatik korpusun nümayəndələri XVIII əsrin sonunda inşa edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə də tanış olublar. Bildirilib ki, XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər bu karvansarayda qalıb, ticarətlə məşğul olublar. Ümumi sahəsi 6 min kvadratmetr olan bu kompleks 300-ə yaxın otaq və zirzəmidən ibarətdir. Hazırda bu abidə mehmanxana kimi fəaliyyət göstərir.
Diplomatik korpusun nümayəndələri səfərin proqramına əsasən, iyunun 28-də Zaqatala rayonunun sosial-iqtisadi və mədəni həyatı, tarixi məkanları ilə tanış olacaqlar.
Səfər zamanı diplomatları Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə müşayiət edib.

Keçidlər