Şriftin ölçüsü :

Saytın rəngi :

“İpək Yolu” festivalı çərçivəsində musiqisevərlərə rus instrumental kvintetinin konserti təqdim olunub

04 iyul 2019 | 06:07

Şəkidə davam edən “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 2-də axşam saatlarında musiqisevərlərə Rusiyadan gəlmiş “No Indifference” instrumental kvintetinin konserti təqdim olunub.
Təbiət qoynunda füsunkar bir guşədə, Marxal gölünün kənarında keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, musiqisevərlər, həmçinin “Marxal” istirahət kompleksində dincələn yerli və xarici qonaqlar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertin əvvəlində qrupun fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, “No Indifference” instrumental kvinteti 2008-ci ildə Rusiyanın Tver Akademik Filarmoniyasının solistləri Maksim Salnikov (bayan), Yelena Jdanova (violin), Tatyana Nikolayenko (gitara), Vitali Barmenkov (kontrabas) və Aleksandr İppolitov (zərb alətləri) tərəfindən yaradılıb. Kvintetin yaradılmasında əsas məqsəd Tver şəhərinin sakini, bayan ifaçısı Boris Tixonovun ifaçılıq ənənələrini saxlamaq və yaradıcılığını təbliğ etmək olub.
Hazırda kvintetin repertuarı rus və Avropa bəstəkarlarının müxtəlif musiqi janrlarından ibarət klassik əsərləri, caz improvizasiyaları, həmçinin sovet estrada mahnıları, rəqslər və dünya xalqlarının melodiyaları ilə zəngindir. Kollektivin ifa etdiyi musiqi nömrələrinin aranjemanını musiqiçilər özləri tərtib edirlər. Parlaq tembrlər, yüksək peşəkarlıq, geniş repertuar tamaşaçıları daim “No Indifference” kvintetinin konsertlərinə cəlb edir. Kollektivin bir sıra estrada proqramları Tver Filarmoniyasının vokalçıları ilə birgə hazırlanıb. İnsanlara sevinc və gözəl əhval-ruhiyyə bəxş etmək instrumental kvintetin yaradıcılıq kredosudur. Son vaxtlar kvintetin yeni layihələrinə peşəkar rəqqaslar da dəvət olunur və bu, konsertləri daha da rəngarəng edir.
Kvintetin bədii rəhbəri bayan ifaçısı Maksim Salnikovdur.
Konsert zamanı “No Indifference” instrumental qrupunun üzvlərinin təqdim etdikləri şən musiqi nömrələri tamaşaçılara yüksək əhval-ruhiyyə bəxş edib. Kollektivin ifa etdiyi vətənpərvərlik ruhunda yazılmış mahnılar, Piatsolonun məşhur “Tanqo”su, həmçinin görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısı musiqisevərlər tərəfindən hərarətli alqışlarla qarşılanıb.
Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, UNESKO-nun Sülh artisti Firəngiz Əlizadə çıxış edərək rəngarəng konsert proqramına görə kollektivə təşkilatçılar adından minnətdarlığını bildirib.
Musiqi qrupuna festivalın simvolu təqdim olunub.

Keçidlər