Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü qeyd olunmuşdur

28 may 2013 | 15:00

Tarix sübut edir ki, hər hansı xalqın təşəkkülü və qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu ən mühüm şərtlərdən biridir. Əsrlər boyu özünütəsdiq imkanı əldə etməyə çalışan hər bir xalq ilk növbədə milli dövlətini yaratmağa çalışmışdır. Azərbaycan xalqını milli müstəqilliyə aparan yol nə qədər kəşməkəşli, əzab-əziyyətli olsa da, bu şərəfli tarix bütün azərbaycanlılarda qürur və fəxarət hissi doğurur. Azərbaycan 1918-ci il mayın 28-də müstəqilliyini elan edərək müsəlman Şərqində ilk demokratik respublika qurmuş, xalqımız qısamüddətli olsa da, müstəqillik ideallarına qovuşmuşdur.
Bu fikirlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü münasibətilə mayın 27-də Şəki Şəhər İcra Hakimiyyətində keçirilən toplantıda səsləndirilmişdir.
Toplantıda qeyd olunmuşdur ki, 1918-ci ilin 28 may günü xalqımızın tarixində şanlı bir səhifə açmışdır. Artıq 22 ildir ki, müstəqil və azad bir ölkənin vətəndaşları olaraq demokratik dövlətimizin yaranması gününü-Respublika Gününü böyük təntənə və iftixar hissi ilə qeyd edirik.
Çıxış edənlər bildirilmişlər ki, ölkəmizin çoxəsrlik inkişaf tarixinin, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi təşəkkül tapan Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər, qəbul olunan qərarlar müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. İnsan hüquq və azadlıqlarının bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən əvvəl qadınlara seçki hüququnun verilməsi xalq cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını və mahiyyətini əyani şəkildə səciyyələndirir. Xalq Cümhuriyyəti xüsusi ilə dövlət quruculuğu sahəsində qəbul etdiyi mühüm qərarları ilə də yadda qalmışdır.
Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra, 1991-ci ildə xalqımızın yenidən öz istiqlaliyyətinə qovuşduğunu xatırlatmış, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil respublikamızın qarşıya çıxan bütün maneə və çətinlikləri dəf edərək bugünkü yüksək inkişaf səviyyəsinə gəlib çatdığını, dünya dövlətləri içərisində öz layiqli yerini tutduğunu vurğulamışlar.

Keçidlər