Festival çərçivəsində “Nəsimi mövzusu Azərbaycan bəstəkarlarının əsərlərində” adlı dəyirmi masa təşkil edilib
Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 3-də Şəki Dövlət Regional Kollecində “Nəsimi mövzusu Azərbaycan bəstəkarlarının əsərlərində” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə kollecin pedaqoji kollektivi, Azərbaycan bəstəkarları və musiqişünaslar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə kollecin tələbələrinin Nəsimi yaradıcılığına həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunan dəyirmi masada şairin həyatı, onun əsərlərində əks olunan fəlsəfi düşüncələr, Azərbaycan bəstəkarlarının müxtəlif vaxtlarda Nəsimi mövzusuna müraciət etmələri barədə müzakirələr aparılıb.
Dəyirmi masanı kollecin direktoru Sərdar Şərifov açaraq, Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının tədbirlərindən birinin bu təhsil ocağında keçirilməsinin artıq bir ənənəyə çevrildiyini bildirib.
Tədbirdə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək, 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlamətdar olduğunu diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən bu ilin “Nəsimi ili” elan edilməsi respublikamızda bir sıra mədəni layihələrin vüsət almasına təkan verib. Bununla əlaqədar olaraq builki festivalın proqramına Nəsimi mövzusuna həsr olunan tədbirlər də daxil edilib.
Dəyirmi masada Bəstəkarlar İttifaqının baş məsləhətçisi, musiqişünas Sevda Hüseynovanın “Nəsimi ili” ilə əlaqədar Bəstəkarlar İttifaqında keçirilən tədbirlər haqqında”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Lətifəxanım Əliyevanın “Firəngiz Əlizadənin “Nəsimi Passion” əsəri”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Şirinovanın Fikrət Əmirovun yaradıcılığında Nəsimi mövzusu”, Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlunun “Azərbaycan bəstəkarlarının yaradıcılığında Nəsimi mövzusu”nda məruzələri dinlənilib.
Bildirilib ki, Azərbaycan Bəstəkarlar İttifaqı “Nəsimi ili”nə öz töhfəsini verərək, bu il bir sıra uğurlu layihələr həyata keçirir. Ötən ilin sonlarından etibarən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin təşəbbüsü ilə “Nəsimiyə ithaf” adlı yeni layihəyə start verilib. Gənc bəstəkarlarda Nəsimi irsinə maraq oyadaraq, onlara şairin qəzəllərindən istifadə etməklə müxtəlif alətlər üçün yeni kamera-instrumental əsərlərin yazılması təklif olunub. “Nəsimi ili” ilə əlaqədar apreldə Bəstəkarlar İttifaqında iki günlük elmi konfrans keçirilib, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Nəsimi-romans” müsabiqəsi təşkil edilib.
Qeyd olunub ki, Bəstəkarlar İttifaqının “Nəsimi ili” ilə əlaqədar tədbirləri bu ilin sonunadək davam edəcək.
Dəyirmi masanın sonunda kollecin tələbələrinin ifasında Nəsiminin qəzəllərinin yer aldığı konsert proqramı təqdim olunub.