Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı başa çatıb

05 iyul 2019 | 09:07

Mədəniyyət Nazirliyinin dəstəyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 29-da başlanan Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb.
Beş gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Rusiya, Macarıstan və Qazaxıstandan gəlmiş musiqi qruplarının, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivlərinin çıxışlarını izləyiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 3-də axşam “Marxal” istirahət kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub. Tədbirdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, həmçinin TÜRKSOY-un rəsmiləri, musiqisevərlər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bağlanış mərasimində TÜRKSOY ölkələrindən olan musiqiçilərin iştirakı ilə Qazaxıstan estrada-simfonik orkestri konsert proqramı ilə çıxış edib. Dirijor Qazaxıstanın Əməkdar artisti Kanat Axmetovdur.
Məlumat verilib ki, Qazaxıstanın qərb bölgəsini təmsil edən estrada-simfonik orkestri 2010-cu ildən fəaliyyət göstərir. Orkestrdə ölkənin bir çox musiqi təhsili ocaqlarının – Kurmanqazi adına Qazaxıstan Milli Konservatoriyası, T.Jurgenev adına Musiqi Akademiyası, A.Jubanova adına Respublika Musiqi Məktəbi, M. Ütemisov adına Qərbi-Qazaxıstan Dövlət Universiteti, Kurmanqazi adına Ural Musiqi Kollecinin məzunları çıxış edirlər.
Orkestrin formalaşması və inkişafına Qazaxıstanın Əməkdar incəsənət xadimi, simfonik orkestrin baş dirijoru A. Şevelev böyük töhfə verib. Hazırda bu kollektivə Ş.Qazqaliyev adına III Respublika Dirijorları müsabiqəsinin laureatı Asxat Xasanov rəhbərlik edir.
Bildirilib ki, orkestrin repertuarına Qazaxıstan bəstəkarlarının, həmçinin rus və dünya klassik musiqi əsərlərindən ibarət 280-dək əsər daxildir. Orkestr ölkədaxili və xarici sənətkarlarla sıx əlaqə qurub və birgə konsert proqramlarında uğurla çıxış edir. Mütəxəssislərin ixtisaslarını artırmaq məqsədilə hər il tanınmış dirijorların iştirakı ilə ustad dərsləri keçirilir, sonda konsert proqramları təşkil olunur.
Konsertdə orkestrin solistləri Qazaxıstanın Əməkdar incəsənət xadimi Janılsın Xasanova, dombra ifaçısı Akılbek Bektaşov, kobız ifaçıları Aksamal Kanatkaliyeva, Ernar Ömirəli, Qırğızıstandan Aksaibek Mukambet Uulu, Türkiyədən Yılmaz Demirtaş, Azərbaycandandan Rüstım Müslümov və Ərəstun Quliyevin təqdim etdikləri musiqi nömrələri, xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Konsert proqramı başa çatdıqdan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, UNESKO-nun “Sülh artisti” Firəngiz Əlizadəyə, festivalın bağlanış konsertinin təşkilinə göstərdiyi dəstəyə görə TÜRKSOY-un baş katibi Düsen Kaseinova minnətdarlığını bildirib.
Qazaxıstan estrada-simfonik orkestrinin dirijoru Kanat Axmetova, həmçinin Firəngiz Əlizadə və Düsen Kaseinova şəhər icra hakimiyyəti adından festivalın rəmzi simvolu təqdim olunub.
Festivalın bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.

Keçidlər