Şriftin ölçüsü :

Saytın rəngi :

TÜRKSOY-un Baş katibi: Şəki beynəlxalq festivalların keçirilməsi üçün çox gözəl məkandır

05 iyul 2019 | 09:07

“Böyük İpək Yolu” bizim türk mədəniyyətinin paytaxtları elan etdiyimiz qədim tarixi şəhərlərdən keçir. Bu şəhərlər arasında mirvariyə bənzəyən sevimli Şəkimiz də var. Yüksək notlarla başa vurduğumuz Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı yalnız türk dünyasına deyil, bütün dünyaya bu gözəl şəhəri, onun sakinlərini, ümumilikdə, Azərbaycanı yaxından tanımaq imkanı verdi. Biz TÜRKSOY olaraq, hələ 2016-cı ildə Şəkini “Türk dünyasının mədəniyyət paytaxtı” elan etməklə bu gözəl şəhərin tanıdılmasına öz töhfəmizi vermişik.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri TÜRKSOY-un Baş katibi Düsen Kaseinov festivalın bağlanış mərasimində jurnalistlərə müsahibəsində deyib.
Baş katib bildirib ki, Şəki özünəməxsus xüsusiyyətlərə, yüksək mədəniyyətə, ecazkar təbiətə, qonaqpərvərliyə, dadlı mətbəxə və digər keyfiyyətlərə malikdir. “Şəki beynəlxalq tədbirlərin, festivalların keçirilməsi üçün çox gözəl məkandır. Mən bütün şəkililəri, eləcə də Azərbaycan xalqını bu gözəl mədəniyyət bayramı münasibətilə bir daha təbrik edirəm”, - deyə Düsen Kaseinov bildirib.

Keçidlər