Şəkidə “Tələbə baharı” VII Ümumrespublika tələbə yaradıcılığı Festivalının qala konserti keçirilmişdir
Mayın 28-də Şəki şəhərindəki “Yay Teatrı”nda “Tələbə baharı” VII Ümumrespublika tələbə yaradıcılığı Festivalının qala konserti olmuşdur.
Konsertdən əvvəl Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, gənclər və idman nazirinin müavini İntiqam Babayev və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov çıxış edərək bu günlər respublikamızın hər yerində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illiyinin böyük tənrənələrlə qeyd edildiyini bildirmiş, tədbir iştirakçılarını əlamətdar bayram- 28 may- Respublika Günü münasibətilə təbrik etmiş, festival iştirakçılarına uğurlar arzulamışlar.
Bildirilmişdir ki, Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildən etibarən hər il ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən bu festival musiqi mədəniyyətimizin inkişafında, bu inkişafa gənclərin öz töhfəsini verməsində, eyni zamanda gənclərin səmərəli şəkildə bir araya gətirilməsində bir vasitədir. Festivalın əsas məqsədi yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarının mənalı və səmərəli keçməsin təmin etmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaq, eyni zamanda Azərbaycan və dünya mədəniyyətinin musiqi və rəqs nümunələrini tanıtmaq və təbliğ etməkdir.
Qeyd olunmuşdur ki, festivalın seçim turlarında 20 ali təhsil müəssisəsindən 200-dən çox tələbə pop, caz, estrada musiqi janrları, vokal, xalq mahnıları, habelə milli, müasir və bal rəqsləri nominasiyaları üzrə öz istedadlarını nümayiş etdirmişlər.
Festivalın qala konsertində tamaşaçılara yüksək zövq və peşəkarlıqla hazırlanmış çox maraqlı konsert proqramı təqdim olunmuşdur. İfaçıların və rəqs kollektivlərinin hər bir çıxışı tələbkar Şəki musiqisevərləri tərəfindən alqışlarla qarşılanmışdır.
Festivalın münsiflər heyətinin tərkibinə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri daxil idilər.
Uğurla başa çatan qala konsertin sonunda müxtəlif nominasiya və janrlar üzrə qalib gəlmiş istedadlı tələbə gənclərə diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur. Festivalın qalibləri arasında muğam nominasiyası üzrə birinci yerə layiq görülmüş Odlar Yurdu Universitetinin tələbəsi Aysel Abbasovanın, xalq mahnıları nominasiyası üzrə birinci yeri tutmuş həmin Universitetin tələbəsi Leyla Əliyevanın, vokal nominasıyası üzrə birinci yeri tutmuş Xəzər Universitetinin tələbəsi Elvin Əliyevin, milli rəqslər nominasiyası üzrə qalib gəlmiş Azərbaycan Dövlət Neft Akademiyasının “Gənclik” və Azərbaycan Dövlət Dillər Universitetinin qızlardan ibarət rəqs ansambllarının, müasir rəqslər nominasiyası üzrə birinci yeri tutmuş Xəzər Universitetinin qızlardan ibarət rəqs ansamblının, musiqi alətlərində ifa üzrə tamaşaçı rəqbəti qazanmış Azərbaycan Dövlət Neft Akademiyasının nağaraçalanlar ansamblının, həmçinin digər ali təhsil müəssisələri təmsilçilərinin adları vardır.