Şriftin ölçüsü :

Saytın rəngi :

"China Daily" qəzeti Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsindən yazır

09 iyul 2019 | 10:07

Çinin nüfuzlu "China Daily" qəzeti UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə xəbər yayıb.

Xəbərdə qeyd olunur ki, Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən tarixi Şəki şəhərini Qurcanaçay iki yerə bölür. Tarixi ticarət yollarının üzərində yerləşən Şəkidəki tarixi abidələr Səfəvilər və Qacarlar dövlətlərinin, habelə Rusiya imperiyası dövrünə aid memarlıq ənənələrindən bəhrələnib.

"China Daily"nin AZƏRTAC-a istinadən yaydığı xəbərdə qeyd olunur ki, Şəkidəki tarixi abidələrin ən məşhurlarından olan Xan Sarayının və karvansarayların inşası XVIII və XIX əsrlərdə şəhərdə ipəkçiliyin və ipək ticarətinin çiçəkləndiyi dövrlərə təsadüf edir.

Qeyd edək ki, 100 milyondan çox çap və onlayn abunəçisi olan "China Daily" təkcə Çində deyil, regionda, eləcə də dünyada ingilis dilində nəşr edilən ən nüfuzlu qəzetlərdən biridir. Ümumi tirajı bir milyon nüsxə olan qəzetin xarici ölkələrdəki oxucularının sayı yerli oxuculardan daha çoxdur. Bu da qəzetin qlobal səviyyəli nəşr olduğunun göstəricisidir.

AZƏRTAC ilə "China Daily" qəzeti arasında əməkdaşlığa dair anlaşma agentliyin İdarə Heyətinin sədri Aslan Aslanovun Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media Sammitində iştirak etmək üçün ötən ilin iyununda Pekinə səfəri çərçivəsində "China Daily" qəzetinin rəhbərliyi ilə görüşündə əldə olunub.

Keçidlər