Şəkidə “Milli Qurtuluş-20: regionların sosial-iqtisadi yüksəlişi” mövzusunda “dəyirmi masa” keçirilmişdir
“Azərbaycan” qəzeti və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə mayın 29-da Şəki şəhərində “Milli Qurtuluş-20: regionların sosial-iqtisadi yüksəlişi” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Şəki Olimpiya İdman Kompleksinin konfrans zalında ziyalıların, yerli iş adamları və sahibkarların, təsərrüfat rəhbərlərinin, fermerlərin, gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov açaraq iyunda xalqımızın daha bir əlamətdar hadisəni - Milli Qurtuluş Gününün 20-ci ildönümünü böyük təntənələrlə qeyd edəcəyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Azərbaycanın müstəqillik və dövlətçilik tarixindəki əlamətdar hadisələrin işıqlandırılmasına geniş yer ayıran “Azərbaycan” qəzetinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününün 20-ci ildönümü münasibətilə ayrı-ayrı regionlarda “dəyirmi masa”lar keçirilir. Baş redaktor 1993-cü ilin iyunundan başlanan inkişaf yolunun Azərbaycanın digər regionları kimi, Şəki rayonunun timsalında da aydın görmək mümkün olduğunu xüsusi vurğulamışdır.
“Dəyirmi masa”da şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun “Heydər Əliyevin müəllifi olduğu inkişaf prosesində Şəki mühüm yer tutur” mövzusunda məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən sonra başlamışdır. Heydər Əliyev birinci dəfə hakimiyyətə gələn zaman Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü başlanmışdır. Dahi şəxsiyyət öz parlaq zəkası və istedadı sayəsində yeni Azərbaycanı yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü ümummilli liderin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur.
Qeyd olunmuşdur ki, ölkəmizin hər bir bölgəsi kimi, Şəki rayonunun da inkişafında ümummilli lider Heydər Əliyevin çox böyük əməyi olmuşdur. Ulu Öndər siyasi fəaliyyəti dövründə iki dəfə -1974 və 2002-ci illərdə Şəki şəhərinə səfər etmişdir. Dahi rəhbərlə keçirilən görüşlər şəkililərin qəlbində silinməz izlər buraxmışdır.
Bildirilmişdir ki, sevindirici haldır ki, bu gün ölkəmizin inkişafı etibarlı əllərdədir. Öz səmimiliyi, təvazökarlığı, eyni zamanda əzmkarlığı, işgüzarlığı və qətiyyəti ilə xalqın sevimlisinə çevrilən Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu bu gün böyük inam və bacarıqla, ləyaqətlə davam etdirir. Son illərdə imzalanmış məqsədyönlü fərman və sərəncamlar, qəbul edilmiş qərarlar, görülən nəhəng işlər ölkəmizin dinamik yüksəlişini təmin etmiş, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmişdir.
“Dəyirmi masa”da, həmçinin, “İqtisadi sahədə keçmiş ənənələr bərpa olunur, yeni tipli iqtisadiyyat Şəkinin yüksəlişində əsas amilə çevrilir; aqrar sektor inkişafdadır”, “Sosial sahəyə diqqət, xüsusi kateqoriyalı insanlara sosial dəstək uğurlu bəhrələrini verir; abadlıq və quruculuq şəhərdə əsas fəaliyyət istiqamətidir”, “Milli Qurtuluş missiyasının əyani nəticəsi Şəkinin dünəni ilə bügününün müqayisəsində öz real təsdiqini tapır”, “Heydər Əliyev kursu Azərbaycanın dövlətçilik qüdrətinin və davamlı inkişafının əsas təminatçısıdır” mövzularında məruzələr dinlənilmiş, çıxışlar olmuşdur.
“Dəyirmi masa”ya “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov yekun vurmuşdur.