Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Ümumdünya Əhali gününə həsr edilmiş regional konfrans keçirilib

17 iyul 2019 | 08:07

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombusman) ilə Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılğı ilə 15 iyul 2019-cu il tarixdə şəhərində 11 iyul - Ümumdünya Əhali gününə həsr edilmiş regional konfrans keçirilib.
   Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən konfransda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Şəki, Mingəçevir şəhərlərinin, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala, və Balakən rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, dövlət qurumlarının, rayon Ağsaqqallar Şuralarının, QHT-lərin təmsilçiləri, sahibkar qadınlar iştirak etmişdir.
      İlk öncə konfrans iştirakçıları Ümummilli liderimiz Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə gül dəstələri düzərək xatirəsini yad ediblər.
     Konfransda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Elmira Süleymanova çıxış edərək iştirakçıları Ümumdünya Əhali günü münasibətilə təbrik edib. O,Ümumdünya Əhali Gününün yaranma tarixindən məlumat verərək, 30 il bundan öncə 1989-cu ildə BMT-nin İnkişaf Proqramının İdarə Şurasının 11 iyul tarixini Ümumdünya Əhali günü kimi təsis etdiyini, ilk dəfə olaraq 1990-cı ildə qeyd edilən bu günün əsas məqsədinin dünya əhalisinin bərabərlik, sağlamlıq, yoxsulluq, insan hüquqları və digər əhəmiyyətli məsələlər üzrə məlumatlılıq səviyyələrinin artırılması, onların problemlərinə xüsusi diqqət ayırmaqla bir çox istiqamətlərdə köklü irəliləyişlərə nail olmaqdan ibarət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
      Müvəkkil Ümumdünya Əhali Günü təsis edildikdən 5 il sonra, 1994-cü ildə keçirilən və bu il 25 illiyi qeyd edilən, habelə iştirakçısı olduğu Əhali və İnkişaf üzrə Qahirə Konfransının, həmçinin 1999-cu ildə Haaqa şəhərində keçirilmiş “Qahirə+5” konfransının məqsəd və məramları barədə geniş məlumat verib. Bildirilib ki, Qahirə Konfransının qarşıdakı illər üzrə müəyyən etdiyi proqramında demoqrafik problemlər, kişilərin və qadınların bərabər hüquqlarının təmin edilməsi və qadınların səlahiyyətləndirilməsi, qadınlara qarşı zorakılığın aradan qaldırılması, ailə məsələləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ana və körpə ölümü, təhsil və sağlamlıq hüquqları, yoxsulluğun aradan qaldırılması, əhalinin bütün təbəqələrinin, o cümlədən uşaqların, gənclərin, ahılların hüquqları kimi problemlər önə çəkilmişdir. Bu məsələlərin hər zaman öz aktuallığını saxlaması, XXI əsr üçün müəyyən olunmuş BMT-nin Minilliyin İnkişaf Məqsədləri, 2016-2030-cu illər üçün nəzərdə tutulmuş Dayanıqlı İnkişaf Məqsədlərində də bəzilərinin öz əksini tapması Qahirə Konfransının və qərarlarının böyük əhəmiyyətini sübut edir.
     Qahirə Konfransının vacib məsələlərindən olan gender bərabərliyinə nail olunması məsələsinə toxunan Ombudsman vurğulayıb ki, qadın sahibkarlığının inkişaf etdirilməsi, kiçik və orta bizneslərin yaradılması, qadınların özünüməşğulluq proqramlarına cəlb olunması, onların imkanlarının genişləndirilməsi nəticəsində onlara qarşı iqtisadi istismar və zorakılıq hallarının azaldığı müşahidə olunur. Müxtəlif sahələrdə çalışan fəal və peşəkar qadınların imkanlarını genişləndirməyə şərait yaradan genderə həssas münasibətin təbliğinin aparılması, qərar qəbuletmə səlahiyyətləri barədə qadınların kifayət qədər məlumatlandırılması, onların seçkilərdə və ictimai həyatda fəallığının genişləndirilməsi sahəsində məsuliyyətinin artırılmasına imkan yaradan dialoq və əməkdaşlığın, həmçinin ətraf rayonları da əhatə etməklə regional sığınacaqların yaradılması üzrə təkliflər barədə söz açılıb. Ombudsman təsisatı tərəfindən qızların və oğlanların təhsilə cəlb olunmasının monitorinqi də aparılır və bu iş müntəzəm davam etdirilir.
    Ombudsman bildirib ki, 30 ilə yaxın davam edən erməni təcavüzü nəticəsində zəbt olunmuş torpaqlarımız və bir milyondan çox qaçqın və məcburi köçkünümüz olsa da, ölkədə mövcud olan sabitlik və inkişaf nəticəsində Azərbaycan beynəlxalq miqyasda bir çox göstəriciyə görə nəinki regionda, MDB-də, hətta dünya ölkələri sırasında öndər yeri tutmuşdur.
    Qeyd edilib ki, torpaqlarımızın geri qaytarılması, ədalətli sülhün imzalanması, habelə qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ Müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılması, yeni mənzillərin tikilməsi və paylanması, onların sosial məsələlərinin həll edilməsi, iş yerlərinin açılması və özünə məşğulluq imkanlarının artırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən davamlı işlər aparılır.
    Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bu əlamətdar günün və konfransın əhəmiyyətini vurğulayıb, aktual mövzu ilə əlaqədar fikirlərini söyləyib.
     Sonra Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini,                                   İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova,  Zaqatala Rayon Təhsil şöbəsinin müdiri Habil Qurbanov, Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Sərxan Musayev,  Şəki şəhər Təhsil şöbəsinin müdir müavini Elxan Abdullayev, İsmayıllı Rayon Ağsaqqallar Şurasının  sədri Valeh Salehov, Oğuz rayon Təhsil Şöbəsinin müdiri Elçin Kərimov, Mingəçevir şəhər Ağsaqqallar Şurasının  sədr müavini Mail İsmayılov, Balakən rayonundan sahibkar Xanım Zurnayeva konfransın əhəmiyyətini vurğulayaraq, təmsil etdikləri sahədə görülən işlərdən, yaşadıqları rayonlarda aparılan abadlıq-quruculuq işlərindən söz açmış, yerli əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat veriblər.
    Hər rayon üzrə nümayəndələrə Qahirə Konfransının əsas məqsəd və məramlarından ibarət nəşr və Dayanıqlı İnkişaf Məqsədləri kitabçası verilmişdir.
    Sonda müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər