“Mortimer Reisemagazin” jurnalı Şəki Xan Sarayından yazır
Almaniyanın “Mortimer Reisemagazin” jurnalında Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinə dair məqalə dərc olunub (https://www.mortimer-reisemagazin.de/jubel-in-aserbaidschan-sheki-neues-weltkulturerbe/). Məqalədə Qafqaz dağlarının ətəyində yerləşən Şəki şəhərinin mərkəzindən keçən Qurcanaçayın onu iki hissəyə ayırdığı, qədim İpək Yolunun üzərində yerləşən şəhərdə 1762-ci ildə inşa edilmiş möhtəşəm Şəki Xan Sarayının və yay sarayının mövcud olduğu vurğulanır. Qeyd olunur ki, şəhərin tarixi hissəsində yerləşən Xan Sarayı hələ 2001-ci ildə UNESKO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Maddi-Mədəni İrsin ilkin siyahısına daxil edilib, indi isə şəhərin tarixi mərkəzi ilə birlikdə UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb.
Məqalədə qeyd olunur ki, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bu əlamətdar hadisənin Azərbaycanın özünəməxsus tarixi, mədəniyyəti və zəngin irsinin dünyada tanıdılmasına töhfə verdiyini, Şəkinin küçələrinin və arxitekturasının müasir Bakı ilə kontrast təşkil etdiyini, Xan Sarayının Azərbaycanın ən qiymətli tarixi tikililərindən biri olduğunu və buradakı sənətkarların əl işlərinin bütün dünyadan gələn turistləri heyran qoyduğunu bildirib.
Həmçinin məqalədə Hüseyn Xan tərəfindən inşa edilmiş Xan Sarayının tikintisində Azərbaycanın qədim və məşhur şəbəkə sənətindən istifadə olunduğu, onun nümunələrinin sarayın pəncərələrində öz əksini tapdığı, sarayın inşasında 5000 ağac və şüşə materialdan istifadə edildiyi, rəngli şüşələrdən hazırlanmış şəbəkələrin mismar və yapışdırıcı olmadan qurulduğu yazılır.
Məqalədə Şəki şəhərinin Şərqlə Qərbi birləşdirən qədim ticarət yolları şəbəkəsi üzərində yerləşən və uzun müddət əhəmiyyətini qoruyub saxlayan məkan olduğu və buradakı çoxsaylı karvansaraların buna dəlalət etdiyi vurğulanır. Azərbaycanın şimal-qərbində yerləşən Şəkinin XIX əsrdə ipək istehsalı üzrə beynəlxalq mərkəz olduğu diqqətə çatdırılır.
Sonda Şəki ilə yanaşı Azərbaycanın digər tarixi yerləri, o cümlədən Qobustan Milli Parkı, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu və buradakı Şirvanşahlar Sarayı, Qız qalası haqqında da məlumat verilir, Azərbaycan xalça sənətinin UNESKO Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyi vurğulanır. Məqalə Şəkinin tarixi mərkəzi və Xan Sarayı haqqında foto və video materiallar müşayiət olunur.