Şəki Dövlət Dram Teatrı 139-cu mövsümə yekun vurub
Şəki Dövlət Dram Teatrı 139-cu mövsümə J.Molyerin və M.Bulqakovun “Xəstəlik xəstəsi və ya yaşasın teatr” tamaşası ilə yekun vurub. Şəkidə peşəkar teatrın yaranmasının 140 illiyi münasibətilə hazırlanan tamaşaya teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli quruluş verib. Tamaşa həm də bütün ömrünü teatra həsr edən sənətkarlara ithaf olunub.
Teatrın ədəbi dram hissəsinin rəhbəri Sevda Nəsirova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən mövsümdə teatrda Xalq yazıçısı Elçinin “Teleskop” əsəri də səhnələşdirilib. Gənc rejissor Orxan Həmidlinin quruluş verdiyi bu səhnə əsəri də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
S.Nəsirova bildirib ki, Şəki Dövlət Dram Teatrı 140-cı yubiley mövsümündə də izləyicilərini bir-birindən maraqlı tamaşalarla sevindirəcək. Yeni mövsümdə teatrın səhnəsində görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə “Sevil” pyesi və “Kitabi Dədə Qorqud” eposunun motivləri əsasında Altay Məmmədovun yazdığı “Dəli Domrul” əsəri tamaşaya qoyulacaq. Bundan əlavə, Mədəniyyət Nazirliyinin planına əsasən, yeni mövsümdə Şəkidə peşəkar teatrın yaranmasının 140 illiyi münasibətilə təntənəli tədbirlərin keçirilməsi də nəzərdə tutulur.
Teatrın ədəbi dram hissəsi rəhbərinin sözlərinə görə, 1879-cu ildə Tiflisdə xəstə yatağında olan dahi dramaturq Mirzə Fətəli Axundzadə dövrünün maarifpərvər ziyalısı və yazıçısı Rəşid bəy Əfəndiyevdən xahiş edir ki, yazdığı əsərlərdən birini sağlığında Şəkidə tamaşaya qoysun. R.Əfəndiyev öz ətrafına bir dəstə həvəskar yığaraq barama anbarında səhnə düzəldir və M.F.Axundzadənin “Hacı Qara” komediyasını tamaşaya hazırlayır. Özü isə bu tamaşanın baş qəhrəmanı Hacı Qara obrazında çıxış edir. Beləcə, 140 il əvvəl Şəkidə peşəkar teatrın təməli qoyulur.