Şəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma işləri aparılır
Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biri də əlilliyi olan şəxslər üçün reabilitasiya sisteminin təkmilləşdirilməsi və bərpa infrastrukturunun müasir tələblərə uyğun qurulmasıdır. Bu sahədə görülən tədbirlər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəki şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işləri aparılır.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Şəki və ətraf rayonlardan olan əlilliyi olan şəxslərə səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında bərpa müalicəsi xidmətləri göstərilməsi üçün nəzərdə tutulan Mərkəzdə yüksək standartlara uyğun reabilitasiya şəraiti yaradılacaq.
Müəssisədə əlilliyi olan şəxslərə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstərilməklə, eyni zamanda, onlarda sağlam həyat tərzinin təbliği istiqamətlərində işlər də aparılacaq.