Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili fermerlər qəbul məntəqəsinə 652 ton yaşıl tütün təhvil veriblər

09 avqust 2019 | 02:08

Şəki rayonunun təsərrüfatlarında tütün yığımının qızğın çağıdır. Şəkili fermerlər mövsümün əvvəlindən indiyədək “Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə 652 ton “Virciniya” növlü yaşıl tütün təhvil veriblər. Eyni zamanda, indiyədək bu emal məntəqəsində 46,7 ton quru tütün istehsal olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə emal məntəqəsinin müdiri Vüqar Məmmədov məlumat verib.
Müəssisə rəhbərinin sözlərinə görə, hər gün məntəqəyə orta hesabla 30-40 ton yaşıl tütün kütləsi daxil olur. Hazırda məntəqədə olan 56 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir. Baş Göynük kənd sakini Kazım Abdullayev indiyədək məntəqəyə rayon üzrə hamıdan çox – 62 ton yaşıl tütün təhvil verib. Şorsuludan olan fermer Ərşad Cabbarov, həmçinin Cumakənddən Əbülfət Səfərov emal məntəqəsinə qurutmaq üçün 40 ton yaşıl tütün kütləsi gətiriblər.
Tələbatı nəzərə alaraq, hazırda məntəqənin ərazisində əlavə 30 tütünqurutma kamerası quraşdırılır.
Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il rayonun təsərrüfatlarında 1061 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 721 hektar sahədə “Virciniya” və 19 hektarda “Berley” növlü ətirli, 321 hektar sahədə isə yerli tütün sortları yetişdirirlər.
Ötənilki mövsüm rayonun tütünçüləri üçün uğurlu olub. Belə ki, 2018-ci ildə şəkili fermerlər 2 min 976 ton quru tütün istehsal ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 346 ton artıb.

Keçidlər