Əhalinin siyahıyaalınmasının keçirilməsi üçün Şəkidə 5 şəhər və 8 kənd siyahıyaalma məntəqəsi yaradılıb
Azərbaycan Respublikası Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən, 2019-cu il oktyabrın 1-dən 10-dək respublikamızda əhalinin növbəti dəfə siyahıyaalınması keçiriləcək. Ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan bu mühüm dövlət tədbirinin yüksək səviyyədə keçirilməsi üçün Şəki rayonunda da ciddi hazırlıq işləri görülür.
Şəki Şəhər Statistika İdarəsinin rəisi Qəşəm Kərimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dövlətimiz indiki və gələcək nəsillər üçün dayanıqlı inkişaf proqramlarının işlənib-hazırlanması və insanların rifah halının yaxşılaşdırılması məqsədi ilə çevik qərarların qəbul edilməsi, onların icra vəziyyətinin qiymətləndirilməsi üçün statistika sisteminin üzərinə mürəkkəb vəzifələr qoyur. Bu vəzifələrin uğurla yerinə yetirilməsi üçün, ilk növbədə, əhalinin siyahıyaalma məlumatları əsasında milli inkişaf proqramının işlənib hazırlanması tələb olunur.
Siyahıyaalınmaya hazırlıq işləri barədə məlumat verən Statistika İdarəsinin rəisi bildirib ki, bu mühüm dövlət tədbirinin vaxtında, operativ və yüksək keyfiyyətlə həyata keçirilməsi idarənin qarşısında duran ən mühüm vəzifələrdən biridir. İş planına əsasən, indiyədək rayonun yaşayış məntəqələri üzrə sxematik plan və xəritələrin hazırlanması təmin edilib, hər bir inzibati ərazi vahidi üzrə təşkilati planlar hazırlanıb, şəhər, qəsəbə və kənd yerləri üzrə siyahıyaalma məntəqələrinin, təlimatçı və sayıcı məntəqələrinin tərkibləri müəyyənləşdirilərək siyahıyaalmanın rayonlaşdırılması başa çatdırılıb. Şəki rayonu üzrə 5 şəhər, 8 kənd siyahıyaalma, 45 şəhər, 79 kənd təlimatçı-nəzarətçi və 230 şəhər, 392 kənd sayıcı məntəqəsi yaradılıb.
Siyahıyaalmanın mütəşəkkil təşkili üçün 42 adda müxtəlif materiallar, o cümlədən sorğu vərəqələri, sayıcı çantaları, dəftərxana və digər yardımçı ləvazimatlar alınaraq, şəhər və kəndlər üzrə ümumi bölgüsü aparılıb. Siyahıyaalmaya cəlb edilən məntəqə müdirləri və müavinlərin, təlimatçı-nəzarətçi və sayıcıların təlimatlandırılması məqsədilə seminar-müşavirələr keçirilib.
Qəşəm Kərimov siyahlyaalmanın nəticələrinin dayanıqlı sosial-iqtisadi inkişaf üçün planlaşdırmanın aparılmasında mühüm məlumat mənbəyi olduğunu bildirərək, əhalinin bu prosesdə fəal iştirak edəcəyinə əmin olduğunu vurğulayıb.