Fransanın Kolmar şəhərinin nümayəndə heyəti Şəkidə olmuşdur
Azərbaycanın Fransadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Kolmar şəhərinin nümayəndə heyəti iyunun 1-də Şəkidə olmuşdur. Kolmar şəhərinin meri Jilber Meyerin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə meriyanın nümayəndələri, Fransanın ölkəmizdəki səfirliyinin məsul əməkdaşları və digər qonaqlar daxildir.
Şəki şəhər İcra Hakimiyyətində keçirilən görüşdə fransalı qonaqlara şəhərin tarixi, mədəniyyəti, özünəməxsus adət-ənənələri, iqtisadiyyatı, əhalinin məşğuliyyəti, habelə turizm potensialı barədə ətraflı məlumat verilmişdir. Qonaqların diqqətinə çatdırılmışdır ki, 2012-ci ildə Şəki şəhərinin yaranmasının 2700 illiyi təntənə ilə qeyd olunmuşdur. Qədim ipəkçilik ənənələrinə malik Şəkidə fəaliyyət göstərən “Şəki-İpək” ASC regionun ən böyük sənaye müəssisələrindəndir. Müəssisə istehsal olunan ipək məhsulları dünyanın bir sıra ölkələrinə ixrac olunur. Şəki, həmçinin dünya əhəmiyyətli tarix-memarlıq abidələri ilə məşhurdur. Burada turizmin inkişaf etdirilməsi çox əlverişli coğrafi şərait və infrastruktur mövcuddur. Hər il bu şəhərdə beynəlxalq səviyyəli festivallar, tədbirlər keçirilir. Hazırda şəhər özünün yeni inkişaf mərhələsini yaşayır.
Səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirən Jilber Meyer Şəki ilə Kolmar şəhəri arasında bir çox oxşar cəhətlərin olduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Kolmar şəhərinin 70 min nəfər əhalisi vardır. Ətraf kəndlər də daxil olmaqla, bu bölgədə 110 min insan yaşayır. Kolmar turizm şəhəridir. Turizm sektoru şəhər iqtisadiyyatının 15 faizini təşkil edir. Hər il bu şəhərə 3-3,5 milyon turist gəlir. Turistlərin daha çox cəlb edilməsi üçün şəhərdə ilboyu müxtəlif festivallar, sərgilər və digər tədbirlər keçirilir. Mer gələcəkdə Şəki ilə Kolmar şəhərlərinin qardaşlaşmasında maraqlı olduqlarını bildirmişdir.
Qonaqlara Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.
Daha sonra fransalı qonaqlar şəhərin görməli yerlərini gəzmiş, tarixi abidələri ilə tanış olmuşlar. Şəki xanlarının sarayı ilə tanışlıq zamanı qonaqların diqqətinə çatdırılmışdır ki, bu saray XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsidir. Şərq memarlığının incisi hesab olunan Şəki xanları sarayının keçən il 250 yaşı tamam olmuşdur.
Sarayın həyətindəki 500 ilə yaxın yaşı olan qoşa Xan çinarları fransalı qonaqların xüsusi marağına səbəb olmuşdur. Qonaqlar sarayın eyvanından şəhərin qədim məhəllələrini seyr etmiş, saray önündə xatirə şəkilləri çəkdirmiş, çay süfrəsinə qonaq olmuşlar.
Sonra Kolmar şəhərinin nümayəndə heyəti fransız dilinin də tədris olunduğu şəhərdəki 1 saylı tam orta məktəbə baş çəkmiş, müəllimlərlə görüşmüşdür.
Şəkiyə səfərləri çərçivəsində qonaqlar Kiş kəndindəki qədim alban məbədinə də getmiş, “Şəki-İpək” ASC-də və şərab zavodunda istehsal prosesi ilə maraqlanmışlar.