Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il “Azəripək” MMC-də 40 tondan çox xam ipək istehsalı proqnozlaşdırılır

05 oktyabr 2019 | 08:10

Xam ipək əsasən Türkiyə, İran və Türkmənistana göndərilir
Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin, o cümlədən ipəkçiliyin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən olunub.
2019-cu ildə ölkədə yaş barama istehsalı 25 faiz artıb
Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alaraq, Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı tapşırıqlarına əsasən, respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir. Nəticə göz qabağındadır. 2015-ci ildə Azərbaycanda cəmi 236 kiloqram yaş barama istehsal edildiyi halda, 2016-cı ildə istehsalın həcmi 71 tona çatıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2017-ci ildə ölkədə 244,8 ton, 2018-ci ildə isə 514 ton yaş barama istehsal olunub. Cari ildə yaş barama istehsalı əvvəlki illə müqayisədə 25 faiz artaraq 641 tona çatıb.
Baramaçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər “Azəripək” MMC-nin fəaliyyətini canlandırıb
Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində respublikamızda baramaçılığın inkişaf etdirilməsi və ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən zəruri tədbirlər respublikamızın şimal-qərb bölgəsinin ən iri sənaye müəssisələrindən olan “Azəripək” MMC-nin (keçmiş “Şəki-İpək” ASC) fəaliyyətini əhəmiyyətli dərəcədə canlandırıb. 2016-cı ilin iyunundan etibarən müəssisənin baramaaçan istehsalatının fəaliyyəti bərpa edilib və burada yenidən xam ipək istehsalına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri baramaaçan istehsalatında olub, işçilərlə görüşüb.
İstehsalatın meneceri Əsabəli Nəzərovun bildirdiyinə görə, rayonlardan tədarük edilən yaş barama əvvəlcə müəssisənin xammal şöbəsinə və barama çeşidləyici sexinə daxil olur. Təmizləndikdən sonra barama müəssisənin bu istehsal sahəsinə gətirilir.
MMC-nin baramaaçan istehsalatı ötən ilin avqustundan indiyədək fasiləsiz fəaliyyət göstərir
İstehsalatın meneceri deyib ki, baramaaçan istehsalatının birnövbəli iş rejimində ilboyu fəaliyyət göstərməsi üçün 120 ton quru barama tələb olunur. Zəruri xammal ehtiyatı yarandığı üçün bu istehsal sahəsi 2018-ci ilin avqustundan indiyədək fasiləsiz iş rejimində fəaliyyət göstərir. Hazırkı xammal ehtiyatı ilə baramaaçan istehsalatı növbəti barama mövsümünədək fasiləsiz fəaliyyət göstərə biləcək.
Əsabəli Nəzərovun sözlərinə görə, buraxılan məhsulun keyfiyyətini yaxşılaşdırmaq məqsədilə 2008-ci ildə baramaaçan istehsalatında yenidənqurma işləri aparılıb, burada Çində istehsal olunan yeni, müasir baramaaçan, barama sarıyan, barama buğa verən dəzgahlar, vakuum aparatı quraşdırılıb. Yenidənqurma işlərindən sonra bu istehsalatda əmək məhsuldarlığı bir neçə dəfə artıb.
Cari ilin ötən dövründə baramaaçan istehsalatında 30 tondan çox xam ipək istehsal olunub
Həmsöhbətimiz bildirib ki, hazırda istehsalatda olan mexaniki dəzgahların 2 seriyası (hər seriyada 24 dəzgah var), avtomat dəzgahların isə hamısı işlək vəziyyətdədir. Avtomat dəzgahlarda, ümumilikdə, gün ərzində orta hesabla 90-95 kiloqram, mexaniki dəzgahların hər seriyasında isə 32-33 kiloqram xam ipək istehsal olunur. Burada istehsal edilən xam ipək sonra istehsalatın ipək otağına gətirilir, tikilir, ovulur, keyfiyyəti müəyyənləşdirilir, yenidən qablaşdırılır, kipləşdirilir və mərkəzi anbara göndərilir.
Menecerin sözlərinə görə, cari ilin ötən dövrü ərzində baramaaçan istehsalatında 30,5 ton xam ipək istehsal olunub. Hazırda bu istehsal sahəsində 210 işçi çalışır. Onların orta aylıq əməkhaqqısı 200 manatdan yuxarıdır. Sentyabrın 1-dən isə istehsalat üzrə minimum əmək haqqı 250 manat təşkil edir.
İşçilərlə söhbət zamanı baramaaçanlar Səfalə Abbasova, Kəmalə İsrafilova, ipək otağının işçisi Şəhla Rəsulova və başqaları ölkəmizdə baramaçılığın və ipəkçiliyin inkişafına, həmçinin müəssisənin fəaliyyətinin bərpa olunmasına göstərdiyi diqqət və qayğıya görə kollektiv adından dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Onlar qarşıya qoyulan vəzifənin öhdəsindən uğurla gələcəklərinə əminliklərini bildiriblər.
Bu il Türkiyə, İran və Türkmənistan şirkətlərinə 14 ton xam ipək göndərilib
Müəssisənin iqtisadi göstəriciləri barədə məlumat verən “Azəripək” MMC-nin direktorunun müşaviri Teymur Musayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən il müəssisədə 12,5 ton xam ipək istehsal olunub. Cari ildə isə xam ipək istehsalının 40 tondan çox olacağı gözlənilir. Müəssisədə istehsal olunan xam ipək əsasən Türkiyə, İran və Türkmənistan şirkətlərinə göndərilir. Cari ildə bu ölkələrə 14 ton xam ipək göndərilib.
Müşavirin sözlərinə görə, eyni zamanda, bu il müəssisədə 90 min kvadratmetr xam ipək parça toxunub, 12 min ədəd güllü kəlağayı və 2 min 500 ədəd güllü çitmə istehsal edilib.
Hazırda müəssisədə, ümumilikdə, 447 nəfər işçi çalışır.

Keçidlər