Şriftin ölçüsü :

Saytın rəngi :

İxtisaslaşdırılmış kurslar seçki komissiyaları üzvlərinin peşəkarlığının yüksəldilməsində mühüm rol oynayır

17 oktyabr 2019 | 04:10

Demokratik və hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu hüquqların arasında seçki hüququ xüsusi yer tutur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə bağlı oktyabrın 15-də Şəki rayonunun ərazisində fəaliyyət göstərən 113, 114 və 115 saylı seçki dairələrində dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil edilən seçki hüququ üzrə üçgünlük ixtisaslaşdırılmış kursların birinci gününün tədris məşğələlərində səsləndirilib.

113 saylı Şəki şəhər seçki dairəsində keçirilən seminarda dairə seçki komissiyasının sədri Rəhman Qədirzadə çıxış edərək, təlimlərə dairənin tərkibinə daxil olan 29 seçki məntəqəsinin, həmçinin məcburi köçkün rayonlarının Şəki rayonu ərazisində fəaliyyət göstərən 2 seçki məntəqəsinin sədrlərinin, dairə seçki komissiyasının 9 üzvünün cəlb edildiyini diqqətə çatdırıb. Bildirilib ki, üç gün davam edəcək təlim kursları dairə seçki komissiyaları üzvlərinin və məntəqə seçki komissiyaları sədrlərinin peşəkarlığının yüksəldilməsi və hüquqi biliklərinin artırılması məqsədi daşıyır.

Seminarda seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu, onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması ilə bağlı məsələlərdən ətraflı bəhs edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Qabil Orucov və MSK-nın hüquq şöbəsinin əməkdaşı Rauf İbrahimov iştirakçılara seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri barədə geniş məlumat veriblər. Bildirilib ki, seçkilərin hazırlanması və keçirilməsi zamanı aşkarlıq mühüm prinsiplərdən biridir. Şəffaflığa xidmət edən bu meyarın təmin olunması məqsədi ilə seçki kampaniyası zamanı müxtəlif metod və qaydalardan, fərqli müşahidə formalarından istifadə olunur.

114 saylı Şəki kənd birinci və 115 saylı Şəki kənd ikinci seçki dairələrində də oktyabrın 15-də başlanan üç günlük ixtisaslaşdırılmış kursların birinci günündə iştirakçılara seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri və digər məsələlər barədə geniş məlumat verilib, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib. Təlimlərə hər iki dairənin tərkibinə daxil olan 43 seçki məntəqəsinin sədrləri və dairə seçki komissiyalarının üzvləri cəlb ediliblər.

Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar bölgənin digər seçki dairələrində də keçirilir.

Keçidlər