Şəki şəhərində ölkəmizdə etno-siyasi və dini durumla bağlı zona müşavirəsi keçirilmişdir
Oktyabrın 15-də Şəki şəhəri Heydər Əliyev Mərkəzində ölkəmizdə etno-siyasi və dini durumla bağlı zona müşavirəsi keçirilmişdir.
Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə həmin şöbənin müdiri Etibar Nəcəfov, Administrasiyanın Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Rüfət Əliyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Zaqatala, Balakən, Qax, İsmayıllı, Qəbələ, Oğuz rayon icra hakimiyyəti başçılarının müavinləri – dini işlər üzrə komissiyaların sədrləri, dini qurumlarla işin təşkilatçıları, hüquq-mühafizə orqanlarının, Mədəniyyət, Təhsil, Gənclər və İdman nazirliklərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli qurumlarının rəhbərləri, bələdiyyə sədrləri, ziyalılar və din xadimləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Şəki şəhəri Heydər Əliyev Mərkəzinin qarşısındakı abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov zona müşavirəsini giriş sözü ilə açaraq müşavirə iştirakçılarını salamlamış, ölkədə mövcud dövlət-din münasibətlərindən söz açmış, keçirilən tədbirin əhəmiyyətindən danışmış, rayondakı dini durum haqqında geniş məlumat vermişdir.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov “Müasir dövrdə Azərbaycan Respublikasında etno-siyasi və dini durum” mövzusunda məruzə etmişdir. E.Nəcəfov dinə dövlət qayğısından danışaraq ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda bu sahəyə münasibətin tamamilə dəyişdiyini, milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını xatırlatmış, bu siyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir. Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq mühitinin dünyaya nümunə olduğunu bildirən E.Nəcəfov ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkiliyin olmadığını, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma olduğunu vurğulamışdır. Prezident Administrasiyasının şöbə müdiri bununla belə zərərli dini cərəyanlara qarşı maarifləndirmə və təbliğat tədbirlərinin vacibliyini vurğulamış, bölgə üzrə ayrı-ayrı rayonlarda mövcud dini durumun vəziyyətini təhlil edərək iştirakçıları ətraflı məlumatlandırmışdır.
Zona müşavirəsində çıxış edənlər bütövlükdə bölgədə və təmsil etdikləri rayonlar üzrə mövcud etno-siyasi və dini durum, həmçinin, qeyri-ənənəvi dini təriqət mənsublarının zərərli təbliğatının qarşısının alınması istiqamətində gördükləri işlər barədə geniş məlumat vermişlər.